Dünya

114 ildən sonra ilk dəfə:

Günəş tutulmasına saatlar qaldı

Metbuat.az

Sabah, avqustun 12-də nadir astronomik hadisələrdən biri baş verəcək. Günəş tutulması dünyanın bir çox ölkəsində am şəkildə müşahidə olunacaq. Hadisə xüsusilə İspaniya üçün tarixi əhəmiyyət daşıyır.

Metbuat.az xəbər verir ki, İspaniya 1912-ci il aprelin 15-dən sonra ilk dəfə tam Günəş tutulmasının şahidi olacaq.

Ayın Günəşin qarşısından keçməsi nəticəsində göy üzünün qısa müddətə qaralacağı hadisəsini astronomiya həvəskarları ilə yanaşı, alimlər də böyük maraqla izləyəcək.

Tam tutulma zolağı Rusiyanın şimalından başlayaraq Qrenlandiya, İslandiyanın qərbi və İspaniyanın bəzi ərazilərindən keçəcək. Portuqaliyanın şimal-şərqində də tutulmanı tam şəkildə müşahidə etmək mümkün olacaq. Şimali Amerika və Şimali Afrikanın bəzi hissələrində isə hadisə yalnız qismən görünəcək.

İspaniyada tam tutulma mərhələsinin müddəti ərazidən asılı olaraq dəyişəcək. Bəzi yerlərdə Ay Günəş diskinin qarşısını təxminən 1 dəqiqə 48 saniyə tamamilə kəsəcək. Məsələn, İspaniyanın bəzi ərazilərində tam fazanın başlanğıcı yerli vaxtla axşam saatlarına təsadüf edəcək.

İslandiyanın qərb hissəsində isə tam tutulma daha uzun müddət müşahidə ediləcək. Mütəxəssislərin məlumatına görə, tutulmanın ən uzun tam fazası təxminən 2 dəqiqə 19 saniyə davam edəcək.

Bu astronomik hadisənin əhəmiyyəti təkcə onun nadirliyində deyil. 2027-ci il avqustun 2-də Avropada növbəti tam Günəş tutulması baş verəcək, 2028-ci ilin yanvarında isə bölgədə həlqəvi Günəş tutulması müşahidə olunacaq. Beləliklə, Avropa qısa müddət ərzində bir neçə diqqətçəkən tutulma hadisəsinin şahidi olacaq.

Azərbaycan və Türkiyədən tam tutulma görünməyəcək. Türkiyədən növbəti müşahidə edilə biləcək Günəş tutulması 2027-ci il avqustun 2-də baş verəcək və parçalı tutulma şəklində görünəcək.

Astronomlar Günəş tutulmasını müşahidə edən şəxslərə xüsusi qoruyucu eynəklərdən istifadə etməyi tövsiyə edirlər. Günəşə adi gözlə və ya uyğun olmayan optik vasitələrlə baxmaq gözlər üçün ciddi təhlükə yarada bilər.