Region

Türkiyənin “turizm cənnəti” yanır

Metbuat.az

Türkiyənin ən məşhur turizm mərkəzlərindən olan Muğla vilayəti dəhşətli meşə yanğınları ilə mübarizə aparır. Vilayət boyu eyni vaxtda başlayan 6 meşə yanğınından 5-i söndürülsə də, Milas rayonunun Bozbük bölgəsində alovlar hələ də nəzarətə alına bilmir.

Metbuat.az xəbər verir ki, güclü küləyin təsiri ilə sürətlə böyüyən yanğın artıq yaşayış məntəqələrini və turizm zonalarını ciddi şəkildə təhdid etməyə başlayıb. Fəlakətin böyüməsinin qarşısını almaq məqsədilə bölgədə fövqəladə tədbirlər görülüb. Təhlükəsizlik səbəbindən Milasda yerləşən bir otel və bir böyük tətil kompleksi təcili olaraq boşaldılıb.

Rəsmi məlumata görə, indiyədək otellərdən 350, tətil kompleksindən isə 770 nəfər olmaqla ümumilikdə 1120 vətəndaş və turist təhlükəsiz ərazilərə köçürülüb. Yanğının söndürülməsi üçün xilasetmə briqadaları gecə-gündüz mübarizə aparır.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir.