Qələbə üçün hər şeyi edəcəyik -
Putin
Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibə ilə bağlı növbəti dəfə açıqlamalar verib.
Metbuat.az xəbər verir ki, Putin Dövlət Dumasının payız sessiyası öncəsi keçirilən tədbirdə çıxışı zamanı Rusiyanın qarşıya qoyduğu məqsədlərə çatacağını bildirib. O, Rusiyanın iqtisadi baxımdan Çin, ABŞ və Hindistandan sonra dünyada dördüncü, Avropada isə birinci yerdə olduğunu iddia edib. Putin ölkəsinin iqtisadi artım tempinin Avropa İttifaqını geridə qoyduğunu da söyləyib. Rusiya lideri inflyasiya risklərinin mövcudluğunu etiraf etsə də, ölkənin iqtisadi və maliyyə sisteminin sabit qaldığını vurğulayıb. O, müdafiə sənayesi və sosial sahədə görülən işlərin bu sabitliyin əsasını təşkil etdiyini qeyd edib. Putin döyüş meydanında daha cəsarətli addımların itkilərə səbəb olduğunu bildirərək, qarşıya qoyulan məqsədlərə ehtiyatlı, ardıcıl və israrlı şəkildə nail olacaqlarını deyib.
Putin yeni dünya nizamının formalaşdığını bildirərək, rus xalqının birlik nümayiş etdirdiyini vurğulayıb. O, Ukraynadakı müharibədə iştirak edən hərbçiləri "qəhrəman" adlandıraraq, "Məqsədlərimizə çatacağıq və qələbə üçün hər şeyi edəcəyik", - deyə əlavə edib.