İnsan gündə neçə litr su içməlidir?
Su insan orqanizminin normal fəaliyyəti üçün ən vacib amillərdən biridir. Lakin “gündə mütləq 2 litr su içmək lazımdır” fikri hər kəs üçün eyni dərəcədə doğru hesab edilmir.
Metbuat.az xəbər verir ki, mütəxəssislərin fkrincə, suya olan ehtiyac yaşa, çəkiyə, fiziki aktivliyə, hava şəraitinə və ümumi sağlamlıq vəziyyətinə görə dəyişir.
Ümumi tövsiyəyə əsasən, sağlam yetkin insanların gün ərzində təxminən 2-3 litr maye qəbul etməsi məqsədəuyğundur. Bu miqdarın bir hissəsi yalnız sudan deyil, meyvə, tərəvəz, şorba və digər qidalardan da əldə olunur.
İsti havalarda, idman zamanı və ya çox tərlədikdə orqanizmin suya ehtiyacı artır. Belə hallarda itirilən mayeni bərpa etmək üçün daha çox su içmək tövsiyə edilir.
Mütəxəssislər susuzluq hissinin yaranmasını gözləməməyi məsləhət görürlər. Gün ərzində az-az, lakin müntəzəm su içmək orqanizmin maye balansını qorumağa kömək edir. Sidiyin açıq sarı rəngdə olması da kifayət qədər maye qəbulunun göstəricilərindən biri hesab edilir.
Bununla yanaşı, həddindən artıq su içmək də faydalı deyil. Qısa müddətdə normadan artıq su qəbul etmək orqanizmdə elektrolit balansını poza bilər. Buna görə su qəbulunda ifrata varmaq əvəzinə, orqanizmin ehtiyacına uyğun davranmaq məsləhətdir. Ən doğru yanaşma həyat tərzini, hava şəraitini və sağlamlıq vəziyyətini nəzərə alaraq kifayət qədər maye qəbul etməkdir.