Region

​Sayılı günlər qaldı:

Ermənistan yenə qarışacaq?

Metbuat.az

Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkilərinə hələ bir neçə gün qalsa da, ölkədə daxili siyasi gərginlik pik həddə çatıb. Bu seçki sadəcə qanunverici orqanın yenilənməsi deyil, həm də ölkənin gələcək geosiyasi vektorunu və daxili sabitliyini müəyyən edəcək həlledici bir sınaq xarakteri daşıyır. Ermənistan cəmiyyəti hazırda dərin bir qütbləşmə daxilindədir və "seçkidən sonra ölkə yenidən qarışacaqmı?" sualı gündəmin əsas mövzusuna çevrilib.

Metbuat.az xəbər verir ki, seçkiöncəsi kampaniyanın mənzərəsi daxili çəkişmələrin nə dərəcədə kəskin olduğunu aydın göstərir. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyası Qərbyönümlü xətti, Avropaya inteqrasiyanı və Azərbaycanla sülh quruculuğu prosesini əsas şüar kimi irəli sürür. Lakin müxalifət bu xətti "təslimçilik" adlandıraraq şovinist bəyanatlar səsləndirir, radikal ritorikadan istifadə edir. Tərəflər arasında qarşılıqlı ittihamlar, aqressiv ritorika və kompromat müharibəsi cəmiyyətdəki parçalanmanı daha da dərinləşdirir.

Müşahidəçilərin fikrincə, seçkilərin ən gərgin xətti Rusiyapərəst qüvvələrlə Paşinyan tərəfdarlarının toqquşmasıdır. Robert Koçaryan və digər müxalif bloklar tərəfindən təmsil olunan Rusiyapərəst qanad Moskva ilə ənənəvi müttəfiqlik bağlarını bərpa etməyi hədəfləyir. Buna Ermənistanı yenidən Rusiyanın vassalına çevirmək cəhdi də deyə bilərik. Kreml İrəvanın Qərbə tərəf dönməsindən narahatdır və gizli-aşkar rıçaqlarla Paşinyan hakimiyyətini zəiflətməyə çalışır. Paşinyan tərəfdarları isə əksinə, Rusiyanın asılılığından qurtulmağın yeganə yolunu seçkidə qalib gəlməkdə görürlər.

Hazırda ölkədə keçirilən rəsmi sorğular Paşinyanın partiyasını ön sırada göstərsə də, seçicilərin təxminən üçdə birinin hələ də qərarsız olması sürpriz ehtimalları artırır. Səsvermənin nəticələrindən asılı olmayaraq, məğlub tərəfin küçələrə çıxacağı və nəticələri tanımayacağı gözləniləndir. Bu isə Ermənistanın iyunun 7-dən sonra yeni bir siyasi xaos və daxili qarşıdurma dalğasına sürüklənəcəyi ehtimalını kifayət qədər gücləndirir.

Sonda qeyd edək ki, Ermənistandakı bu daxili siyasi silkələnmə Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturası, xüsusən də Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması prosesi ilə birbaşa bağlıdır. Rəsmi Bakı uzun müddətdir ki, Ermənistandakı daxili qeyri-sabitliyə baxmayaraq, beynəlxalq hüquq normaları çərçivəsində praqmatik və qətiyyətli sülh gündəliyini irəli aparır. Lakin seçkidə revanşist və Rusiyapərəst qüvvələrin hər hansı bir formada güclənməsi, indiyə qədər sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində əldə olunmuş kövrək nailiyyətləri riskə ata bilər. Paşinyan hakimiyyəti öz postunu qorumaq üçün seçkiqabağı dövrdə Azərbaycanla bağlı bəzən manipulyativ ritorikaya əl atsa da, post-seçki dövründə Bakının şərtləri əsasında real sülhə imza atmaq məcburiyyətində olduğunu anlayır. Ermənistanın yenidən xaos və revanşizm bataqlığına yuvarlanması isə regionda sülh prosesini ləngitsə də, Azərbaycanın hərbi-strateji üstünlüyü fonunda Ermənistan dövlətçiliyi üçün daha dağıdıcı nəticələr vəd edir.

Nazim Hüseynzadə / Metbuat.az