“Piylənmə hələ də cəmiyyət tərəfindən ciddi xəstəlik kimi qəbul edilmir” -
Emil Hidayətli
"Piylənmə bu gün dünyada ən ciddi sağlamlıq problemlərindən biridir və cəmiyyət hələ də onu xəstəlik kimi kifayət qədər ciddi qəbul etmir".
Mətbuat.az xəbər verir ki, bu fikirləri ANDOP-un həmtəsisçisi Emil Hidayətli jurnalistlərə açıqlamasında bildirib. Həkim bildirib ki, bu məsələ təkcə piylənmədən əziyyət çəkən insanlara deyil, bütövlükdə cəmiyyətə aiddir:
"Bu gün həm cəmiyyət, həm də bəzi hallarda tibb ictimaiyyəti piylənməni hələ də müstəqil və ciddi bir xəstəlik kimi qəbul etmir. İnsanlar daha çox onkoloji xəstəliklərdən, diabetdən və ürək-damar xəstəliklərindən qorxurlar. Halbuki piylənmə məhz bu xəstəliklərin yaranma riskini dəfələrlə artıran əsas amillərdən biridir.
Elmi araşdırmalar göstərir ki, piylənmə onkoloji xəstəliklərin, ürək-damar xəstəliklərinin və digər xroniki xəstəliklərin inkişafına ciddi təsir göstərir, nəticədə isə ölüm riskini artırır.
Bu günə qədər piylənmənin müalicəsində pəhriz, fiziki aktivlik və həyat tərzinin dəyişdirilməsi kimi üsullardan istifadə olunub. Lakin son illərdə elmi nailiyyətlər və innovativ müalicə yanaşmaları bu sahədə yeni imkanlar yaradıb. Xüsusilə müasir dərman terapiyaları artıq yüz minlərlə insanın həyatında müsbət dəyişikliklərə səbəb olur".
Emil Hidayətli qeyd edib ki, piylənmə ilə mübarizə uzun və çətin bir yoldur:
"Bu istiqamətdə onilliklər ərzində aparılmış elmi tədqiqatlar, əldə edilmiş təcrübə və beynəlxalq əməkdaşlıq sayəsində bu gün daha effektiv nəticələr əldə etmək mümkündür".
Gülbəniz Hüseynli / Mətbuat.az