Media sağlamlıq sahəsində mühüm missiya daşıyır -
Danimarkanın ölkəmizdəki səfiri
Danimarka Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Toft piylənmə və diabet kimi xroniki xəstəliklərlə mübarizədə maarifləndirmənin, elmi əsaslı məlumatlandırmanın və müxtəlif tərəflər arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Metbuat.az-ın məlumatına görə, səfir bildirib ki, dezinformasiyanın ictimai sağlamlığa mənfi təsirlərinin artdığı bir dövrdə etibarlı tibbi məlumatların yayılması və məsuliyyətli kommunikasiya xüsusi önəm daşıyır. Onun sözlərinə görə, bu prosesdə medianın rolu olduqca vacibdir.
Ole Toft qeyd edib ki, səhiyyə mütəxəssisləri, pasiyentlər və cəmiyyətin dəqiq və elmi əsaslara söykənən məlumatlarla təmin olunması xroniki xəstəliklərlə mübarizədə mühüm amillərdən biridir.
Səfir həmçinin piylənməyə qarşı daha məlumatlı, mərhəmətli və nəticəyönümlü yanaşmanın formalaşdırılmasının vacibliyini vurğulayaraq, insanların peşəkar tibbi məsləhət almağa təşviq edilməsinin zəruriliyini qeyd edib.
Onun fikrincə, Danimarka və Azərbaycan arasında, eləcə də dövlət qurumları, səhiyyə mütəxəssisləri və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi daha keyfiyyətli tibbi xidmətlərin inkişafına və ictimai sağlamlığın yaxşılaşdırılmasına töhfə verə bilər.