Qonşuda qurbanlıq heyvanların qiyməti kəskin artdı
2026-cı il Qurban bayramı ərəfəsində Türkiyənin qurbanlıq heyvan bazarında kəskin qiymət artımı müşahidə olunur.
Metbuat.az xəbər verir ki, açıqlanan son rəqəmlərə görə, həm böyükbaş, həm də kiçikbaş heyvanların qiymətləri əvvəlki illərlə müqayisədə xeyli yüksəlib. Bazarda ən ucuz qurbanlıq heyvanların qiyməti artıq 15 min lirədən (550 AZN) başlayır, bəzi hallarda isə qiymətlər rekord həddə çatır.
Məlumata görə, hazırda bazarda kiçikbaş qurbanlıqların qiyməti əsasən 18 min - 50 min lirə arasında dəyişir. Böyükbaş heyvanlarda isə qiymətlər xeyli yüksəkdir: minimum 130 min lirədən başlayaraq 400 min lirəyə (15 min AZN) qədər yüksəlir.
Böyük şəhərlərdə qiymətlər daha da bahadır. Məsələn, İstanbulda böyükbaş heyvanlar 140 min - 400 min lirə, kiçikbaşlar isə 18 min - 45 min lirə arasında satılır. Pay bölgüsü ilə alınan böyükbaş qurbanlıqda isə 1 nəfərlik hissə qiyməti 30 min - 55 min lirə təşkil edir. Ankara və İzmir kimi şəhərlərdə də oxşar qiymət diapazonu müşahidə olunur.
Mütəxəssislər qiymət artımını əsasən yem xərcləri, nəqliyyat və ümumi bazar şərtləri ilə əlaqələndirir. Qeyd olunur ki, bayram yaxınlaşdıqca tələbatın artması qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər.