Türkiyə İrandakı gərginliklə bağlı açıqlama yaydı:
İcazə vermirik
Bəzi sosial media platformalarında Türkiyənin İrana qarşı son hücumlara dəstək verdiyi ilə bağlı yayılan məlumatların tamamilə əsassız olduğu bildirilib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Dezinformasiya İdarəsi məlumat yayıb.
Rəsmi açıqlamada qeyd olunub ki, bu cür iddialar ictimaiyyəti çaşdırmağa yönəlmiş dezinformasiya xarakteri daşıyır.
Bildirilib ki, Türkiyə tərəfi olmadığı hər hansı münaqişə və ya müharibədə, tərəflərdən hər hansı birinin xeyrinə olmaqla hava məkanı da daxil olmaqla hava, quru və dəniz imkanlarının əməliyyat məqsədilə istifadəsinə icazə vermir. Bu prinsip ölkənin əsas xarici siyasət və təhlükəsizlik yanaşmalarından biridir.
Açıqlamada həmçinin vurğulanıb ki, Türkiyənin hava, quru və dəniz məkanları üzərində suveren hüquqları tam və mübahisəsizdir. Bu sahələrdə həyata keçirilən bütün fəaliyyətlər yalnız ölkənin milli təhlükəsizlik maraqları əsasında və səlahiyyətli qurumların nəzarəti altında aparılır.
İctimaiyyətə rəsmi qurumların açıqlamalarına üstünlük verilməsi və əsassız məlumatlara etibar edilməməsi tövsiyə olunub.