Digər

Hikmət Babaoğlu: “İrana qarşı sanksiyaların “Cənub Qaz Dəhlizi”nə şamil edilməməsi olduqca əhəmiyyətlidir”

Metbuat.az

“İrana qarşı tətbiq olunan sanksiyaların Cənub Qaz Dəhlizi layihəsinə şamil edilməməsi mövcud geostrateji reallığın düzgün qiymətləndirilməsi və Avropanın enerji təhlükəsizliyi maraqlarının nəzərə alınması baxımından olduqca əhəmiyyətlidir”.

Publika.az
-a açıqlamasında bu barədə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ABŞ prezidenti Donald Trampın İrana qarşı sanksiyaların “Cənub Qaz Dəhlizi”nə şamil edilməməsi barədə göstərişini şərh edərkən deyib.

H. Babaoğlu qeyd edib ki, bu layihənin müəllifi olan Azərbaycan onun reallaşdırılması zamanı bütün mümkün riskləri və perspektivləri dəqiqliklə hesablaya bilib.

“Müasir beynəlxalq enerji münasibətlərinin vacib aktorlarından biri olan Azərbaycan özünün strateji tərəfdaşları ilə birlikdə hazırda elə bir geostrateji reallıq formalaşdırıb ki, onun ətrafında bütün iştirakçı ölkələrin maraqları uzlaşır. Bu isə heç də sadə məsələ deyil. Ancaq Azərbaycan buna nail olmağı bacarıb. İqtisadi sanksiyaların təzyiq rıçağı olaraq istifadə edilməsi tarixində ən sərt hallardan biri kimi müşahidə etdiyimiz sanksiyalar zamanı belə Azərbaycanın maraqları xüsusi istisna kimi nəzərə alınır. Çünki ölkəmiz öz milli maraqlarını özünün strateji tərafdaşlarının milli maraqları ilə məharətlə koordinasiya edib”, - deyə o bildirib.

H. Babaoğlu əlavə edib ki, söhbət dünyanın ən böyük və ən bahalı layihələrinin birindən gedir: “Bu layihə sözün əsil mənasında XXI əsrin layihəsi adını daşımağa layiqdir. Son hadisələr də bir daha bunu sübut edib. Cənub Qaz Dəhlizi layihəsi 7 ölkəni kəmər boyunca 12 fərqli investorla, 12 fərqli alıcı ilə birləşdirəcək. Bu həm də böyük enerji ehtiyatlarına malik olan Xəzər regionunu Avropa İttifaqı istehlakçıları ilə birləşdirən ilk boru kəməri olacaq. Yəni əslində bu kəmər Avropanın enerji təhlükəsizliyinin yeni alternativi kimi çıxış edəcək. Belə bir alternativ mənbənin olması isə hazırki gərgin beynəlxalq münasibətlər mərhələsində Avropa üçün hava və su kimi lazımdır. Ona görə də hələ bir qədər əvvəl Vaşinqtonda İtaliya Baş naziri Cüzeppe Konte ilə görüşdə ABŞ Prezidenti Donald Trampın "Cənub Qaz Dəhlizi"nin bir hissəsi olan Transadriatik boru kəmərini (TAP) dəstəkləməsi çox böyük əhəmiyyətə malik idi və heç də təsadüfi deyildi”.

Deputatın sözlərinə görə, belə mühüm layihələrin həmişə iqtisadi tərəflər ilə bərabər mütləq siyasi tərəfləri də olur: “Bu da bizim üçün az əhəmiyyətli deyil. Ölkəmizin həyata keçirdiyi bu tipli meqa layihələr beynəlxalq münasibətlər sistemində də Azərbaycanın yerini möhkəmləndirir və rolunu artırır. Bu isə nəticə etibarilə milli maraqlarımızın və ərazi bütövlüyümüzün təmin olunmasına əsaslı zəmin yaradır”.

Asif