“Təhsil sistemində psixoloji biliklərin tətbiqi” mövzusunda təlim kursu
Bakı, 10 aprel,
AZƏRTACTəhsil Problemləri İnstitutunda Bakı şəhərinin Xətai, Nizami, Suraxanı rayonlarının məktəb psixoloqlarının iştirakı ilə “Təhsil sistemində psixoloji biliklərin tətbiqi” mövzusunda təlim kursu keçirilib.
TPİ-dən
AZƏRTAC-a bildiriblər ki, kursda məktəbdə psixoloji biliklərin təbliği, maarifləndirmə və profilaktika, təhsil prosesi iştirakçılarının diaqnostikası və korreksiyası, onlarla təşkil edilən psixoloji konsultasiyaların xüsusiyyətləri, konsiliumların təşkili qaydaları haqqında məlumatlar verilib, praktik yolları öyrədilib.
Təlim kursları psixologiya və yaş fiziologiyası şöbəsinin elmlər doktoru proqramı üzrə doktorantı Limunət Əmrahlı tərəfindən aparılıb.
Təlim müddətində məktəb psixoloqlarının təhsil sistemində aparılan kurikulum islahatlarına cəlb olunmalarına daha çox diqqət yetirilib. Həmçinin kurikulumun əsas məqsədi olan şagird şəxsiyyətinin formalaşdırılması, koqnitiv bacarıqların yaradılması prosesində məktəb psixoloqlarının üzərinə düşən vəzifələr aydınlaşdırılıb. Müasir psixologiyanın ən aktual məsələləri, həmin məsələlərin tədris prosesi ilə əlaqələndirilməsi, insan şəxsiyyətinə koqnitiv və transpersonal yanaşmalar haqqında da məlumatlar verilib.
Kursun sonunda institut direktorunun müavini, pedaqogika üzrə fəlsəfə doktoru Ənvər Abbasov kursu uğurla başa vuran iştirakçılara Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun sertifikatlarını təqdim edib.