Ölkə

“Şahin” hərbi-idman oyunlarının Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyinin qalibi müəyyənləşib

Metbuat.az

Naxçıvan, 17 aprel,

AZƏRTAC

Naxçıvan şəhərindəki “N” saylı hərbi hissədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Əlahiddə Ümumqoşun Ordusu, Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyunlarının Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyi keçirilib.


AZƏRTAC

xəbər verir ki, açılış mərasimində Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin və Əlahiddə Ümumqoşun Ordusunun nümayəndələri çıxış edərək, yarışın keçirilməsində məqsədin böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarət olduğunu bildiriblər.


Sonra yarışlara start verilib. Yarışda hər bir komandanın heyətində 14 şagird (VIII-X sinif şagirdləri) olmaqla, 9 komanda iştirak edib. Onlar 8 mərhələ üzrə yarışıblar.


Yekun nəticəyə əsasən, Culfa rayon Saltaq kənd tam orta məktəbinin komandası birinci yerə layiq görülüb. Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin komandası ikinci, Ordubad şəhərindəki internat məktəbinin komandası isə üçüncü olub.


Qaliblər təşkilatçılar tərəfindən diplom, fəxri fərman və kuboklarla təltif ediliblər.


Məlumat üçün bildirək ki, Culfa rayon Saltaq kənd tam orta məktəbinin və Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin komandaları Bakı şəhərində keçiriləcək “Şahin” hərbi-idman oyunlarının respublika finalında muxtar respublikanı təmsil edəcəklər.