Qazaxda Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsi anılıb
Qazax, 15 aprel,
AZƏRTACQazaxda telejurnalist, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsi anılıb.
AZƏRTAC
xəbər verir ki, tədbiri Alı Mustafayevin təhsil aldığı Qazaxbəyli kənd tam orta məktəbin direktoru Mətanət Ayvazova açaraq Milli Qəhrəmanın həyatı, əmək fəaliyyəti və keçdiyi döyüş yolu barədə ətraflı məlumat verib, respublikamızda Milli Qəhrəman və şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edilib ki, Alı Mustafayev erməni hərbi birləşmələrinin Azərbaycana hücumu zamanı qələmini silaha çevirərək Dağlıq Qarabağda qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla xalqın rəğbətini qazanıb.
Alı Mustafayev 1991-ci ilin noyabrın 19-da Dağlıq Qarabağın Qarakənd kəndi səmasında Azərbaycanın yüksək rütbəli dövlət nümayəndələrini aparan vertolyotun düşmən tərəfindən vurulması nəticəsində faciəli şəkildə dünyasını dəyişib və şəhid olub. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Alı Mustafayev bu gün xalqımızın qəlbində yaşayır.
Tədbirin sonunda Qazaxbəyli kənd tam orta məktəbin şagirdləri Alı Mustafayevin vətənpərvərlik mövzusunda yazılan şeirlərini
söyləyiblər.