Pekin mübahisəli Cənubi Çin dənizində süni ada yaradır
Bakı, 11 aprel,
AZƏRTACPekin mübahisəli Cənubi Çin dənizində öz mövcudluğunu artırmaqda davam edir.
AZƏRTAC
The New York Times qəzetinə istinadla xəbər verir ki, Çinə aid gəmilər Spratli adalarında aktiv fəaliyyət göstərərək mərcan rifi ətrafında süni ada yaradırlar. Burada iri adanın yaranması ilə Çin orada hərbi baza yerləşdirərək regionda qüvvələr balansını kəskin şəkildə dəyişə bilər.
Hazırda Spratli adalarına altı ölkə - Çin, Vyetnam, Filippin, Malayziya, Tayvan və Bruney iddia edir. Hazırda ən çox adaya Vyetnam sahibdir. Ondan başqa Filippin və Malayziyanın da öz adaları var. Ən böyük adada isə Tayvan ordusunun hərbi bazası yerləşir.
Çin arxipelaqda aktiv tikinti işləri aparan yeganə ölkə deyil. Mart ayının sonlarında Filippinin xarici işlər naziri Albert del Rozario ölkəsinin mübahisəli Cənubi Çin dənizindəki Spratli adalarında bərpa işlərinə yenidən başladığını bəyan etmişdi. Rozario bu addımı adaların müqəddəratını beynəlxalq arbitrajda həllindən boyun qaçıran Çinin mövqeyinə görə atdıqlarını qeyd edib.
Süni adaların yaradılması qonşu adaları onlara birləşdirmək, həmçinin yaxın akvatoriyaya haqq iddia etməyin münasib üsulu sayılır. Geoloji kəşfiyyatın məlumatlarına görə, Cənubi Çin dənizində külli miqdarda enerji resursları ehtiyatı mövcuddur.