Ölkə

Naxçıvanda gənc rəssamın sərgisi açılıb

Metbuat.az

Naxçıvan, 11 aprel, Tural Kəngərli,

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Rusiya Federasiyasının Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsil alan naxçıvanlı tələbə Xaqan Bayramovun əsərlərindən ibarət rəsm sərgisi açılıb.


AZƏRTAC

xəbər verir ki, sərginin açılış mərasimində muxtar respublikanın Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva, xalq rəssamı Arif Hüseynov, əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevin və Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək ilk sərgisi açılan rəssama yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.


Tədbirdə Türkiyə Respublikasının və İran İslam Respublikasının Naxçıvandakı baş konsulları Nihat Erşen və Mənsur Ayrım çıxış edərək gənc rəssamın ilk sərgisində iştirakdan məmnunluqlarını ifadə ediblər.


Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar.


Rəssamın “Paltar ütüləyən qadın”, “Gənc rəssam”, “Vida”, “Xalça uğrunda mübarizə”, “Qaçqınlar”, “Ərəfsə mənzərəsi”, “Qafqaz dağlarında”, “1945-ci il”, “Köhnə Bakı”, “Baba və nəvə”, “Quba”, “Natürmort”, “Çarmıxa çəkilən adam”, “Rəssamın portreti”, “Etüd”, “Marmaris” və digər əsərləri tamaşaçılarda böyük maraq doğurub.


Naxçıvanlı rəsmsevərlərin iki gün ərzində tanış olacaqları sərgidə ümumiyyətlə rəssamın 50-ə yaxın əsəri nümayiş olunur.


Qeyd edək ki, yaxın günlərdə gənc rəssam Türkiyənin İstanbul şəhərində keçiriləcək rəsm sərgisində də iştirak edəcək.