Müstəntiqlər “Dalniy Vostok” balıqçı gəmisinin qəzaya uğramasının 10 versiyasını təhqiq edirlər
Bakı, 2 aprel,
AZƏRTACHüquq mühafizə orqanları Oxot dənizində batmış “Dalni Vostok” traulerinin qəzasının 10-dan çox versiyası üzərində işləyirlər. Bu barədə jurnalistlərə Rusiya fövqəladə hallar naziri Vladimir Puçkov məlumat verib.
AZƏRTAC
Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bu versiyaların hamısının ilkin variant olduğunu deyən V.Puçkov rəsmi nəticənin komissiyasının kompleks təhqiqatı başa çatdıqdan sonra elan ediləcəyini bildirib.
Qeyd edək ki, indiyə qədər hadisənin iki əsas versiyası səsləndirilib. Onlardan birinə görə, faciəyə kapitanın səhvi səbəb olub: “Dalniy Vostok” trauleri təxminən 100 ton ağırlığında balıq torunu qaldırmağa cəhd edərkən çevrilə bilərdi. Digər, daha inandırıcı versiyaya görə isə qəzaya “Titanik” sayağı üzən buzla toqquşan gəminin gövdəsində yaranan dəlik səbəb olub.
Xəbər verildiyi kimi, iri soyuducu balıqçı gəmisi bu gecə Oxot dənizində Kamçatka diyarının Krutoqorovski qəsəbəsindən 250 kilometr cənubda qəzaya uğrayıb. Hadisə zamanı gəminin göyərtəsində 132 nəfər olub. Aparılan xilasetmə işləri nəticəsində cəmi 15 dəqiqə ərzində batan gəmidən 63 nəfər xilas edilib. Son məlumata görə, ekipaj üzvlərindən daha ikisinin cəsədi tapıldıqdan sonra hadisə zamanı həlak olanların sayı 56 nəfərə çatıb. İtkin düşmüş 13 nəfərin taleyi isə hələlik məlum deyil.
Hazırda hadisə yerində qaranlıq düşdüyündən aktiv axtarış işləri səhərə qədər dayandırılıb.