Misirdə Qarabağ mövzusunda doktorluq dissertasiyası müdafiə olunub
Bakı, 3 aprel,
AZƏRTACMisirin Qahirə şəhərindəki Eyn Şəms Universitetində “Müstəqillik dövrü Azərbaycan hekayələrində Qarabağ probleminin təcəssümü (1991-2010)” mövzusunda doktorluq dissertasiyası müdafiə olunub.
Bakıdakı Misir Mədəniyyət Mərkəzindən
AZƏRTAC-a bildiriblər ki, universitetin Türk dili və ədəbiyyatı bölməsinin doktorantı Ayişə Əbdülvahidin müdafiəyə təqdim etdiyi dissertasiya işində müstəqillik dövründə Dağlıq Qarabağ probleminə həsr olunan 50-dən artıq hekayə tədqiqata cəlb edilib. Bunların içərisində Qılman İlkin, Elçin Əfəndiyev, Nüşabə Məmmədli, Ağarəhim Rəhimov, Aydın Tağıyev, Vaqif Sultanlı, Elçin Hüseynbəyli, Əlabbas, Aygün Həsənoğlu, Kamil Əfsəroğlu, Mahirə Abdulla, Eyvaz Zeynalov, Kamran Nəzirli, Sevinc Nuruqızı və başqalarının hekayələri xüsusi yer tutur.
İki hissə və altı fəsildən, 300 səhifədən ibarət dissertasiyada Qarabağ problemi tarixi, siyasi, ictimai, iqtisadi və kulturoloji konteksdə canlandırılıb, bəhs olunan dövrdə bu mövzuya həsr edilmiş hekayələr ideya-məzmun, problematika və bədii sənətkarlıq baxımından araşdırılıb. Doktorantın elmi rəhbərləri Eyn Şəms Universitetinin professoru Azza İssavi və doktor Əhməd Sami əl-Aydidir.
Tədqiqat işi Misirdə Qarabağ probleminə həsr olunan ilk dissertasiya kimi diqqəti çəkir. Qeyd edək ki, doktorant 2011-ci ildə Azərbaycanda yaradıcılıq ezamiyyətində olub, müxtəlif kitabxanalarda çalışıb, tədqiqata cəlb etdiyi mövzu ilə bağlı elmi-nəzəri və bədii material toplayıb.