Ölkə

Kəlbəcərin işğalının 22-ci ildönümü ilə bağlı Azərbaycan Hərbi Tarix Muzeyində tədbir keçirilib

Metbuat.az

Bakı, 2 aprel,

AZƏRTAC

Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 22-ci ildönümü ilə bağlı apreli 2-də Azərbaycan Hərbi Tarix Muzeyində tədbir keçirilib.


AZƏRTAC

xəbər verir ki, tədbirdə muzeyin rəisi Əzizağa Qənizadə Kəlbəcər əməliyyatı barədə məlumat verib, rayonun hərbi-siyasi əhəmiyyətindən danışıb. Bildirilib ki, 701-ci briqada 1992-ci ilin mayından sentyabrınadək Kəlbəcər rayonunu düşməndən müdafiə edib. Lakin briqada 1992-ci il sentyabrın əvvəlində gözlənilmədən Laçın rayonuna döyüş əməliyyatlarına göndərildikdən sonra Kəlbəcər müdafiəsiz qalır. 1993-cü ilin fevralında Ağdərə rayonu Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunduqdan sonra düşmənlə mübarizədə müdafiəsiz qalan Kəlbəcər işğal edilir.


Diqqətə çatdırılır ki, qeyri-bərabər şəraitdə döyüşən 701-ci briqada Kəlbəcər əhalisini xilas edərkən 400 şəhid verir.


Qeyd olunub ki, Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 nömrəli qətnaməni qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş Kəlbəcər və digər rayonlarından dərhal çıxarılması tələb edilir. Lakin həmin qətnamənin tələbləri indiyədək yerinə yetirilməyib.


Sonra Kəlbəcər uğrunda döyüşlərdə iştirak etmiş veteranlar xatirələrini bölüşüblər.


Tədbirdə Milli Məclisin deputatları, Müdafiə Nazirliyinin və digər qurumların nümayəndələri iştirak ediblər.