İtaliyanın Baş naziri mühacirlərlə dolu gəminin batmasını böyük faciə adlandırıb
Bakı, 20 aprel,
AZƏRTACSiciliya boğazında son dövrlərin ən böyük gəmi qəzalarının birində sağ qalanların axtarışı aparılır. İtaliyanın sahil mühafizəsi əməliyyatları müşahidə edir.
AZƏRTAC
Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Aralıq dənizində qəzaya uğrayaraq batan gəminin göyərtəsində 950 mühacirin olduğu ehtimal edilir. Onların arasında qadınlar və uşaqlar da var. Hələ ki, 28 nəfərin xilas olunduğu, 20-dən çox insanın isə cəsədinin aşkarlandığı bildirilir.
Belə hadisələrin tez-tez təkrarlandığı İtaliya Avropa İttifaqının qanunsuz miqrasiyaya həsr olunmuş fövqəladə iclasının keçirməsini tələb edib. İtaliyanın Baş naziri Matteo Rensi deyib: “Belə görünür ki, qanunsuz miqrasiya ilə mübarizədə təkcə İtaliyanın cəhdləri yetərli deyil. Bizim beynəlxalq dəstəyə ehtiyacımız var. Bu gəminin qəzaya uğraması ölkəmizin tarixində böyük faciədir. Biz sanki XXI əsrdə deyil, orta əsrlərdə, quldarlıq dövründə yaşayırıq”.
Avropa İttifaqı ölkələrinin xarici və daxili işlər nazirləri mühacirlərlə bağlı yaranmış vəziyyəti bu gün Lüksemburqda müzakirə edəcəklər.
Xatırladaq ki, Aralıq dənizində “Avropaya doğru yol”da təkcə bu ilin ötən dövründə minə yaxın insan həlak olub.