Ölkə

Gənc Avropa Federalistləri (JEF) şəbəkəsinin federal komitəsinin görüşündə Azərbaycan təmsil olunub

Metbuat.az

Bakı, 3 aprel,

AZƏRTAC

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) və Gənc Avropa Federalistləri (JEF) şəbəkəsinin Azərbaycan nümayəndəliyinin sədr müavini Nərgiz Xələf JEF federal komitəsinin İsveçin Upsala şəhərində keçirilən görüşündə iştirak edib.


AGAT-dan

AZƏRTAC

-a bildiriblər ki, Avropa İttifaqı ölkələrindən və Türkiyədən nümayəndələrin iştirak etdikləri tədbirin birinci günündə Avropa Parlamentində müzakirəyə çıxarılan gənclər siyasətinə dair “Strateji dialoq” proqramının təqdimatında səmərəli təkliflərinə və diskussiyalarda fəal iştirakına görə JEF Azərbaycan nümayəndəliyinin rolu xüsusi qeyd olunub. Vurğulanıb ki, gənclərin fəallığının artırılmasını nəzərdə tutan proqram üzrə Lüksemburqda Avropa İttifaqına daxil olan ölkələrin aidiyyəti nazirləri tərəfindən müzakirələr aparılacaq.


Federal komitənin görüşündə AGAT JEF-in Azərbaycan nümayəndəliyi ilə Almaniya və Fransa üzrə müvafiq qurumlar tərəfindən birgə layihələrin həyata keçirilməsinə dair razılıq əldə olunub. Bu ilin mayında Berlində keçiriləcək tədbirdə layihə ətraflı müzakirə ediləcək.


JEF 1950-ci ildə yaradılıb və hazırda 35 ölkə şəbəkəyə üzvdür. Azərbaycan 2013-cü ildən bu qurumda təmsil olunur. İldə iki dəfə keçirilən federal komitənin görüşlərinin məqsədi Avropada mövcud problemləri müzakirəyə çıxararaq onun həlli yollarını axtarıb tapmaqdır. JEF tərəfindən aparılan müzakirələrin nəticələri Avropa Parlamentinə təqdim olunur.