Fermer: “Tovuzda üzümçülüyün əvvəlki şöhrətini özünə qaytaracağıq”
Tovuz, 20 aprel,
AZƏRTACÜzümçülüyün inkişafı Tovuz rayonunun iqtisadiyyatında əsas prioritet sahə kimi qəbul olunub. Rayonun təbii iqlim şəraiti bu baxımdan çox əlverişlidir. Hələ ötən əsrin 70-80-ci illərində Tovuz rayonunda üzüm bağlarının sahəsi 8000 hektara çatıb. Rayonda 14 şərab emalı zavodu fəaliyyət göstərib və 1980-ci illərdə üzüm istehsalı 106 min tona bərabər olub. Lakin 1990-cı illərdə düzgün aparılmayan aqrar siyasət nəticəsində üzüm bağları kütləvi şəkildə məhv edilib.
Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Canpolad Qəhrəmanov
AZƏRTAC-a bildirib ki, son zamanlar Azərbaycan hökumətinin dəstəyi ilə bu sahə yenidən inkişaf etməyə başlayıb. Ötən il regionda üzüm bağlarının sahəsi 2000 hektara, o cümlədən Tovuz rayonunda 700 hektara çatdırılıb. Regionda üzüm istehsalı 42303 ton, Tovuz rayonunda isə 9560 ton olub.
Üzümçülüyün inkişafına yönəlmiş qanun və qərarların qəbulu, eləcə də dövlət dəstəyi sahibkarların bu sahəni yenidən dirçəltmələrinə böyük imkanlar açır. Təkcə onu qeyd etmək kifayətdir ki, üzümçülüyü respublikada inkişaf etdirmək üçün “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair” Dövlət Proqramı təsdiq edilib. Dövlət Proqramına əsasən, regionda üzüm bağlarını 18000 hektara, o cümlədən Tovuz rayonunda 4000 hektara çatdırmaq nəzərdə tutulur.
C.Qəhrəmanov deyib: “Ən qabaqcıl inkişaf etmiş dövlətlərdən olan Almaniyada planlaşma idarəsi fəaliyyət göstərir. Həmin idarədə fermerlərə hansı məhsullardan nə qədər istehsal edilməsi haqqında proqnozlar verilir. Bu da məhsul istehsalının idarəedilməsi üçün mühüm amildir. Respublikada və regionlarda belə idarələrin yaradılması gözəl nəticə verə bilər”.
“Üzüm sahələri kiçik fermerlər tərəfindən becərilir. Bu sahədə inkişafa nail olmaq üçün iri üzümçülük təsərrüfatlarının yaradılması vacibdir. Buna görə də kiçik fermerlərin könüllük əsasında birləşib iri fermer təsərrüfatları bazasında kooperativlər yaratmaları daha məqsədə uyğundur”, -deyə C.Qəhrəmanov qeyd edib.
Dövlətin dəstəyindən yararlanan fermerlərdən biri də rayonun Düz Qırıqlı kənd sakini Ayaz Müseyibovdur. Onun 7 hektar sahədə yetişdirdiyi üzüm bağının 3 hektarı bar verir. Bağlarda əsasən məhsuldar sortlar olan Merlot və Raqdol üzüm tənəklərini becərdiklərini söyləyən fermer deyib: “Ötən təsərrüfat ilində hər hektardan 30 ton olmaqla, 90 ton məhsul istehsal etmişik. Bu məhsulun 30 tonunu payızda satmışıq, qalan 60 tonunu isə soyuducu anbarda saxlamışıq. Ailə üzvlərimdən başqa, təsərrüfatımızda daha 12 nəfər çalışır. Gələcəkdə kənd təsərrüfatının ən gəlirli sahələrindən olan üzüm bağlarının ərazisini genişləndirməyi düşünürük. Əminəm ki, bu sahəyə göstərilən dövlət dəstəyindən faydalanaraq Tovuzda üzümçülüyün əvvəlki şöhrətini özünə qaytaracağıq”.