Digər

Ekspert: "Azərbaycan qondarma "erməni soyqırımı"nın 100 illiyi ərəfəsində kiberhücumlara məruz qala bilər"

Metbuat.az

Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycan zamanla addımlamalı və kibertəhlükələrə qarşı qabaqlayıcı tədbirlər həyata keçirməyi bacarmalıdır. Bu barədə "Report"a Azərbaycan İnternet-Forumunun (AİF) sədri Osman Gündüz bildirib. 


"Kibertəhlükəsizliyin təmin olunması məsələsi Azərbaycan üçün bu gün çox vacibdir. Qeyd etmək istəyirəm ki, respublikada Azərbaycan Dövlət Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Agentliyi fəaliyyət göstərir. Həmin agentlik bilavasitə bununla məşğul olur və bu istiqamətdə tədbirlər görür", - O.Gündüz vurğulayıb. 


Azərbaycana dair konkret təhlükələr mövzusuna toxunan ekspert hesab edir ki, Azərbaycan aprel ayına təsadüf edən qondarma "erməni soyqırımı"nın 100 illiyi və iyun ayında keçiriləcək I Avropa oyunları ərəfəsində kiberhücumlara məruz qala bilər.


Onun fikrincə, bu gün dövlət tərəfindən kibertəhlükəsizliyin təmin olunması istiqamətində görülən tədbirlər kifayət etmir. 


"Hər dəfə biz bu sahədə yaranan problemləri müşahidə edirik. Yəni saytlar hücumlara məruz qalır, onlar məhv edilir və ya işləri ləngidilir, bu da müxtəlif strukturların və müəssisələrin fəaliyyətinə təsir edir", - forumun rəhbəri deyib. 


Ekspert vurğulayıb ki, bu gün kibertəhlükələrə qarşı mübarizə məsələsində daim nəyəsə arxayın olmaq mümkün deyil. O, həmçinin əlavə edib ki, bu gün kiberhücumlar peşəkar səviyyədə həyata keçirilir və bir çox dövlətlər, maliyyə qurumları və siyasi qruplar öz tərkiblərində digər dövlətlərə və strukturlara qarşı istifadə etmək məqsədilə xüsusi xaker qrupları saxlayır. 


"Hər gün yeni texnika, yeni proqramlar yaradılır. Bu nöqteyi-nəzərdən dövlət zamanla ayaqlaşmağı bacarmalıdır. Düşünürəm ki, dövlət strukturları 24/7 formatında gecə-gündüz bu cür kibertəhlükələrə daim və mütəşəkkil şəkildə reaksiya verməlidir", - O.Gündüz qeyd edib.