Ölkə

British Council növbəti “Gələcəyə təşəbbüs” yazı müsabiqəsinə start verib

Metbuat.az

Bakı, 13 aprel,

AZƏRTAC

British Council Azərbaycan PAŞA Bank ilə birgə əməkdaşlıq çərçivəsində “Gələcəyə təşəbbüs” yazi müsabiqəsi-2015 layihəsinə start verib.


British Council-dan

AZƏRTAC

-a bildiriblər ki, artıq 4-cü ildir ki, həyata keçirilən bu layihənin əsas məqsədi tələbələrin analitik yazı yazma qabiliyyətlərini inkişaf etdirmək və təhsillərinə vacib təcrübə töhfəsi verməkdir. Hər il müsabiqənin qalibləri Birləşmiş Krallığın aparıcı universitetlərindən birində biznes üzrə yay kurslarında iştirak etmək imkanını qazanırlar.


Azərbaycan Birləşmiş Krallıq Məzunları Assosiasiyası (AUKAA) bu layihəni dəstəkləyir və təşkilat Birləşmiş Krallıqda təhsil alan məzunların layihəyə cəlb edilməsində böyük rol oynayır.


Aprel ayından etibarən British Council Azərbaycan PAŞA Bank ilə birlikdə Bakıda olan 8 ali təhsil müəssisəsində layihə üzrə təqdimatlara başlayıb. Təqdimatların keçirildiyi universitetlər sırasında “ADA” Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Qərb Universiteti, Xəzər Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı və Sumqayıt Dövlət Universiteti var. Təqdimatlardan sonra AUKAA təşkilatının üzvləri tərəfindən hər universitetdən 20 nəfərədək seçilmiş iştirakçılara inşa yazma qabiliyyəti, istinad və plagiatliq mövzuları üzrə təlim keçiriləcək. Təlimdə iştirak edən tələbələr mayın 5-dən gec olmayaraq təqdim olunan mövzulardan birini seçməklə inşa yazıb göndərməlidirlər. Mövzular iqtisadiyyat, maliyyə və biznesin idarə olunması sahələri ilə bağlıdır. İnşaların yazılması və təqdim olunması onlayn şəkildə aparılacaq.


May ayı ərzində göndərilən inşalar British Council Azərbaycan və PAŞA Bankın nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən yoxlanılacaq və uğur qazanan namizədlər Birləşmiş Krallığın aparıcı universitetlərində təşkil olunan yay kurslarına qatılmaq imkanı əldə edəcək.


British Council Azərbaycan təşkilatının ölkə üzrə direktoru Elizabet Vayt layihənin yeni ilinin başlanması ilə bağlı bildirib: “Bu müsabiqə fəal və gənc azərbaycanlı tələbələr üçün özlərini sübut etmək, bacarıqlarını nümayiş etdirmək, Birləşmiş Krallıqda yay kursu keçmək və gələcək təhsillərinə töhfə vermək üçün gözəl imkandır. Böyük səbirsizliklə azərbaycanlı tələbələrin maraqlı və düşündürücü inşalarını oxumağı gözləyirik”.