Bakıda ilk dəfə Azərbaycan-alman-türk tibb konqresi keçirilir
Bakı, 11 aprel,
AZƏRTACAprelin 11-də Bakıdakı “Monolit Plaza” hotelində cərrahiyyə, onkologiya və qastroenterologiya üzrə birinci Azərbaycan-alman-türk konqresi öz işinə başlayıb.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və Azərbaycan- Almaniya Tibb Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konqresə 500-dən çox azərbaycanlı və əcnəbi həkim qatılıb. Konqresdə ölkəmizin tibb sahəsinin aparıcı mütəxəssisləri ilə yanaşı, Almaniyanın universitet klinikalarından dəvət olunmuş 8 professor və Türkiyənin universitet klinikalarından gəlmiş 6 professor referent qismində iştirak edir.
Tədbirdə son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, tibb sahəsində də əhəmiyyətli inkişafa nail olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə səhiyyənin inkişafında Türkiyə və Almaniyanın tibb mərkəzləri ilə əlaqələrin böyük rolu var. Vurğulanıb ki, Milli Onkologiya Mərkəzi bu qəbildən tədbirlərin keçirilməsini öz prioritet məqsədlərindən biri hesab edir və bu sahədə böyük təcrübəyə malikdir.
Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel, professorlar Qurban Müslümov, Əziz Əliyev, Deniz Uyak, S.Demirbash, G.Kaehler və M.Niedergethmann çıxış edərək konqresin işinə uğurlar arzulayıblar, mütəxəssis hazırlığı baxımından bu beynəlxalq tədbirin faydalı olacağını bildiriblər.
Qeyd olunub ki, konqres çərçivəsində azərbaycanlı həkim və rezidentlər üçün laparoskopik cərrahiyyə, endoskopiya, ümumi cərrahiyyə və radiologiya və endoskopik ultrasonoqrafiya sahələrində treninqlər və ustad dərsləri keçiriləcək. Bu treninqlərdə həkimlərimiz təcrübəli alman və türk professorlarının rəhbərliyi ilə cərrahiyyə, endoskopiya və radiodiaqnostika sahəsində mövcud olan ən yeni metodlara yiyələnəcəklər.
Sonra konqres paralel olaraq bölmə iclaslarında davam etdirilib. Bölmələrdə əsasən ümumi və laparoskopik cərrahiyyə, onkologiya, qastroenterologiya, endoskopiya və radiologiya sahələrindəki ən son yeniliklərə dair məruzələr dinlənilir, müzakirələr aparılır.
Konqres işini aprelin 13-də başa çatdıracaq.