Ölkə

Bakı Ali Neft Məktəbində “Biometrik elektron qeydiyyat sistemi” layihəsi təqdim edilib

Metbuat.az

Bakı, 3 aprel,

AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) “Biometrik elektron qeydiyyat sistemi” layihəsinin təqdimatı olub.


BANM-dən

AZƏRTAC

-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru Elmar Qasımov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli qərarı ilə təsdiqlənmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın müvafiq maddəsinə əsasən fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbənin həmin fənndən imtahana buraxılmadığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Rektor bu qərarın əsas götürüldüyünü, semestr ərzində toplanan ballar arasında davamiyyətə görə də bal verilməsi, tələbələrin davamiyyət hesablamalarının aparılmasının zəruriliyini qeyd edib. Bu sistemin Azərbaycanın ali təhsil müəssisələri arasında ilk dəfə BANM-də tətbiq olunduğu bildirilib. E.Qasımov tələbələrin davamiyyətinin kağız üzərində hesablanmasının zaman itkisinə səbəb olduğunu, bu sistemin Bakı Ali Neft Məktəbində tətbiqinin tədris prosesinin daha operativ, obyektiv və şəffaf təşkilini təmin edəcəyini vurğulayıb.


Sistem haqqında qısa məlumat verən rektor yeni sistemin turniket və biometrik cihazların bir-biri ilə bir başa əlaqəsi vasitəsilə obyektiv işləməsi və davamiyyətin şəffaf aparılması üçün hər bir tələbənin barmaq izlərinin götürülərək sistemə daxil edildiyini bildirib.


“Biometrik elektron qeydiyyat sistemi” layihəsinin rəhbəri, Bakı Ali Neft Məktəbinin elektron-tədris şöbəsinin metodisti Elnur Səfərli rəhbərlik etdiyi layihə barədə təqdimatla çıxış edib. Təqdimatda sistemin işləmə prinsipi, strukturu və BANM-dəki tədris prosesinin təşkilinə nə kimi müsbət təsirləri olacağı diqqətə çatdırılıb.


Qeyd edilib ki, biometrik elektron qeydiyyat sistemi “REN GROUP” MMC tərəfindən təchiz olunmuş cihazla Azərbaycanın ali təhsil müəssisələri arasında ilk dəfə Bakı Ali Neft Məktəbində tətbiq olunur.


Sonda tələbələrin layihə ilə bağlı sualları cavablandırılıb.