Ölkə

Azərbaycanın 4 müəssisəsi istehsal etdikləri məhsulları Rusiya bazarına çıxarmaq imkanı qazanıb

Metbuat.az

Bakı, 16 aprel,

AZƏRTAC

Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və emalı məhsullarının Rusiya bazarlarına ixracının daha da genişləndirilməsi imkanları müzakirə edilib.


İqtisadiyyat və Sənaye Nazirliyində Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə işçi qruplarının görüşü olub.


Nazirlikdən

AZƏRTAC

-a bildiriblər ki, Azərbaycan tərəfindən yaradılmış İşçi Qrupuna iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov, Rusiya tərəfindən yaradılmış İşçi Qrupuna isə bu ölkənin kənd təsərrüfatı nazirinin müavini Andrey Volkov rəhbərlik edir. İşçi qruplarına hər iki ölkənin aidiyyəti dövlət qurumlarının nümayəndələri daxildir.


Görüşdə işçi qrupları tərəfindən görülmüş işlər barədə məlumat verilib. Qeyd edilib ki, 16 Azərbaycan şirkəti ilə Rusiyanın 3 iri ticarət şəbəkəsi və logistik mərkəzi arasında kənd təsərrüfatı və emalı məhsullarının ixracı ilə bağlı 48 anlaşma memorandumu imzalanıb, 12 Azərbaycan şirkəti "Qızıl Payız" Rusiya aqrar-sənaye sərgisində iştirak edib, 2014-cü ilin oktyabr və noyabr aylarında Bakıda iş adamlarının görüşləri təşkil olunub. Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar nəzarət üzrə Federal Xidmətinin əməkdaşları ölkəmizə səfər edib və sahibkarlıq subyektlərinə baxış keçirərək qiymətləndirmə aparıblar. Artıq Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti tərəfindən ilkin olaraq 4 Azərbaycan müəssisəsi ("AZFPCO" MMC (Milla), "АТЕNА" MMC, "Milk- Pro" MMC və "Ucar Aqro" MMC) reyestrə daxil edilib. Bu isə həmin müəssisələrə cari ilin martın 16-dan etibarən istehsal etdikləri məhsulları Rusiya Federasiyasına ixrac imkanı yaradır. Digər yerli müəssisələrin də reyestrə daxil edilməsi istiqamətində işlər aparılır.


Rusiya nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində bir sıra müəssisələrdə istehsal prosesi ilə tanış olublar.