Ölkə

Azərbaycan Tibb Universitetində “First” klub açılıb

Metbuat.az

Bakı, 20 aprel,

AZƏRTAC

Azərbaycan Tibb Universiteti (ATU) tələbə gənclər təşkilatının (TGT) nəzdində “First” klubun açılışı olub.


ATU-dan

AZƏRTAC

-a bildiriblər ki, tədbirdə “First” klubun sədri Məhəmməd Məmmədov klubun yaradılmasının məqsədi, nəzərdə tutulan işlər, gələcək planları barədə məlumat verib. Qeyd edilib ki, “First” klub tələbələrin bu ali məktəbin ictimai həyatında fəallığını artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaq məqsədi ilə təsis edilib. Klubun yaradılmasının əsas səbəbi tələbələrin asudə vaxtlarını və tələbəlik illərini səmərəli, maraqlı keçirmələrinə kömək etmək, eyni zamanda, bir sıra seminar, təlim, festival, müxtəlif görkəmli şəxsiyyətlərlə görüşlər təşkil etməkdir.


Rəsmi hissədən sonra tələbələr üçün ilk təlimə start verilib. ATU-nun V kurs tələbəsi Yusif Seyidov “İlk addım” mövzusunda fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Sonra psixoloq İzzət Rəhimova “Gənclərdə liderlik xüsusiyyətinin formalaşdırılması” mövzusunda çıxış edib. Karyera qurulmasında insanın şəxsi keyfiyyət və bacarıqlarının xüsusi rol oynadığı diqqətə çatdırılıb. Qeyd olunub ki, gənclər güclü idarəetmə qabiliyyətinə, uzaqgörənlik, yaradıcılıq, motivasiya və digər xüsusiyyətləri inkişaf etdirməyə həvəsli olmalıdırlar.