Ali məktəblərdə “SABAH-ın könüllüsü” proqramının təqdimatı olub
Bakı, 14 aprel,
AZƏRTACRespublikanın yeddi ali təhsil müəssisəsində “SABAH-ın könüllüsü” proqramının təqdimat mərasimi keçirilib.
Təhsil Nazirliyindən
AZƏRTAC-a bildiriblər ki, təqdimatlarda Bakı Dövlət, Azərbaycan Memarlıq və İnşaat , Azərbaycan Texniki, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Dillər universitetlərinin və Azərbaycan Dövlət Neft Akademiyasının “SABAH” qruplarında təhsil alan yüzlərlə tələbə iştirak edib.
Tədbirlərdə “SABAH” qruplarında təhsil alan könüllülər tərəfindən iştirakçılara “SABAH-ın könüllüsü” proqramı, onun məqsədləri, fəaliyyət istiqamətləri barədə məlumat verilib. Könüllülər qeyd ediblər ki, bu proqram “SABAH” qrupları tələbələrinin akademik təhsildən ayrılmadan sosial fəallığının artırılması və alınmış biliklərin praktikada tətbiqinə şərait yaradılması, eləcə də tələbələrin idarəçilik bacarıqları və liderlik potensialının inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilir. “SABAH-ın könüllüsü” kimi fəaliyyət göstərən tələbələr komandalar şəklində layihə, proqram və tədbirlərin təşkilində iştirak edir, müxtəlif aksiyalar həyata keçirirlər. Bununla da onlar tədris prosesində əldə etdikləri bilik və bacarıqları tətbiq edərək tələbəlik dövründən peşəkar bacarıqlara yiyələnmək imkanı qazanırlar.
Təqdimat mərasimlərində könüllülər “Bakı - 2015” birinci Avropa Oyunları barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, “SABAH-ın könüllüsü” proqramı çərçivəsində yeddi ali təhsil müəssisəsində Avropa Oyunları ilə bağlı kampaniyaların həyata keçirilməsi planlaşdırılıb. İştirakçılar tələbələri “Bakı - 2015” birinci Avropa Oyunlarına könüllü kimi qoşulmağa çağırıblar.
Qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramına qoşulmaq üçün
http://sabah.edu.az/az/sabahinkonullusu veb ünvanına müraciət etmək lazımdır. “SABAH-ın könüllüsü”nün fəaliyyətini “SABAH” qruplarının rəsmi saytından (
http://sabah.edu.az/) və “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsindən (
www.facebook.com/sabah.edu.gov.az) izləmək mümkündür.
“SABAH” qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədi ilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil olunub.