"30 ildən sonra kimsə onu uda bilər"
Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2015" turnirində ilk turda Fransa şahmatçısı
Maksim Vaşye-Laqravla heç-heçə oynayan azərbaycanlı qrossmeyster
Rauf Məmmədovpartiya haqda fikirlərini bildirib.
Trend
-in məlumatına görə, o, jurnalistlərə bildirib ki, Şəmkirdə təşkilatçılıq yüksək səviyyədədir: "Ümumiyyətlə, yaxşı ki, Şəmkirdə oynayırıq. Burada hər cür şərait var. Fevralda mənə bu turnirdə oynayacağımı dedilər. Bir həftə hazırlaşmışam. Hazırlıq millimizin kapitanı Aleksandr Xalifmanın rəhbərliyi altında olub. Düzünü desəm, mənim üçün Şəmkirdə bütün rəqiblər güclüdür. Burada zəif rəqib yoxdur. İlk oyuna gəlincə, sonradan ciddi təhlil edəcəm. Çalışdım, sakit oynayım. Səbirlə və təmkinlə mübarizə aparmaq istəyirəm. Qarşıda bizi 8 tur gözləyir. Tələsmək səhvə səbəb ola bilər. Heç-heçə ədalətli nəticədir".
Rauf Məmmədov rusiyalı dünya çempionu
Vladimir Kramnikin Şəmkirdə olan şahmatçılar arasında gələcəyin iki dünya çempionunun olduğunu deməsinə münasibət bildirib: "Kramnik kimləri nəzərdə tutub? Bilirsiniz, fikrimcə Maqnus Karlsen hələ uzun müddət şahmat tacını özündə saxlayacaq. 30 ildən sonra kimsə onu uda bilər. Hazırda Karlsen bir nömrədir".
Fransız Maksim Vaşye-Laqrav Şəmkirdəki ilk partiya haqda bunları deyib: "Həyəcan yox idi. Sakit oyun oldu. Bərabərlik normal nəticədir. Sadəcə qarşıda bizi daha güclü rəqiblərin gözlədiyini düşünürəm. Kramnik, Anand və Karlsenlə oyunlar var. Həvəsdən düşmək olmaz. Şəmkir hər bir şahmatçı üçün ciddi çağırışdır".
Milli.Az