Yunanıstanlı nazir Almaniyanı onun ölkəsinin daxili işlərində qarışmaqda ittiham edir
Bakı, 14 mart,
AZƏRTACYunanıstanın milli müdafiə naziri Panos Kammenos Almaniya hakimiyyətini onun ölkəsinin daxili işlərində qarışmaqda ittiham edib.
AZƏRTAC
TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Panos Kammenos Almaniyanın “Bild” qəzetinə müsahibəsində AFR-in maliyyə naziri Volfanq Şoyblenin bəyanatını kəskin tənqid edib. “Almaniya hökuməti ona aid olmayan işlərə qarışır. Bununla da digər dövlətlərin daxili işlərinə qarışmamaqla bağlı müqaviləni pozur” – deyə o bildirib.
Yunanıstanın iqtisadi vəziyyətinə toxunan nazir, həmçinin qeyd edib ki, Afinaya üçüncü yardım paketi yox, borcların silinməsi lazımdır. “Biz köhnə borcları daim yeni borclar hesabına bağlaya bilmərik” – deyə P.Kammenos bildirib.
İkinci dünya müharibəsi zamanı hərbi cinayətlər nəticəsində dəymiş zərərə görə yunan tərəfinin Berlindən təzminat tələbi barədə suala da cavab verən nazir deyib ki, Afina kompensasiya gözləyir: “Burada söhbət nəzəri diskussiyalardan deyil, konkret məbləğdən gedir”.