“Yer saatı”nda 2 milyarddan çox insan iştirak edib
Bakı, 29 mart,
AZƏRTACƏnənəyə əsasən Ficidə başlayaraq Samoada başa çatan “Yer saatı” (Earth Hour) aksiyasında bu il dünyanın 170 ölkəsində 2 milyarddan çox insan iştirak edib.
AZƏRTAC
Vesti.ru saytına istinadla xəbər verir ki, Asiyanın bütün meqapolislərində əsas abidələrin işıqlandırılması söndürülüb. Rusiyanın paytaxtı Moskvada Kreml binası, Fransanın paytaxtı Parisdə Eyfel qülləsi, Britaniyanın paytaxtı Londonda məşhur Ritz otelinin lövhəsi, daha sonra isə ABŞ-ın Nyu-York şəhərində Times Square, Empire State Building və BMT-nin mənzil-qərargahının binaları qaranlığa qərq olub.
Aksiya çərçivəsində Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi hissəsində yerləşən böyük binaların fasad işıqları da bir saat ərzində söndürülüb və simvolik şamların yandırılması mərasimi keçirilib.
Qeyd edək ki, ilk dəfə Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən 2007-ci ildə başlanan “Yer saatı” aksiyasının məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaratdığı təhdidlərə yönəltməkdir. Hər il keçirilən aksiya zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür.