Ölkə

YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib

Metbuat.az

Xırdalan, 4 mart,

AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib.


AZƏRTAC

xəbər verir ki, tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev partiyanın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sürətli quruculuq-abadlıq işlərindən, daxili və xarici siyasət sahəsində qazanılmış uğurlardan, Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsi üçün həyata keçirilən ardıcıl və sistemli tədbirlərdən danışıb. Qeyd olunub ki, YAP Abşeron rayon təşkilatı üzvlərinin 50 faizdən çoxunu gənclər təşkil edir.


YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elgün Hümbətov ötən konfransdan keçən müddət ərzində təşkilatın gördüyü işlər barədə məlumat verib.


Daha sonra YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası cəmiyyətimizin ən güclü siyasi təşkilatı kimi həmişə ölkəmizdəki ictimai-siyasi proseslərin mərkəzində olub. “Ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirən dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin gənclərə olan diqqət və qayğısı hər birimizin ürəyincədir. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirir, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə öz töhfəsini verməyə çalışır”, - deyə V.Rəhimzadə qeyd edib.


Tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının İdarə heyətinin üzvü, Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İradə Gülməmmədova YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, Birliyin üzvləri rayonunun ictimai-siyasi həyatında fəal iştirak edirlər. İ.Gülməmmədova rayonda həyata keçirilən abadlıq və quruculuq işləri haqqında da ətraflı məlumat verərək, gəncləri bu istiqamətdə daha fəal olmağa çağırıb.


Sonra təşkilati məsələlərə baxılıb. YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin şura üzvləri, həmçinin İdarə heyətinin üzvləri və Birliyin sədri seçilib.


Sonda YAP Gənclər Birliyinin respublika konfransına gedəcək nümayəndələr müəyyənləşdirilib.


Tədbirdə bir qrup partiya üzvünə vəsiqələr təqdim olunub.