Ölkə

Tur-aksiyalar məktəblilərdə vətənpərvərlik hissinin yüksəlməsinə müsbət təsir göstərəcək

Metbuat.az

Bakı, 23 mart,

AZƏRTAC

Ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini, eləcə də müstəqillik illərində əldə edilən nailiyyətləri dərindən öyrənmək məqsədilə respublikamızın müxtəlif regionlarına təşkil edilən tur-aksiyaya qoşulan naxçıvanlı şagirdlər martın 23-də Şəmkir və Göygöldə oldublar.


AZƏRTAC

xəbər verir ki, əvvəlcə Şəmkirdə olan məktəblilər rayonla tanışlığa orta əsr Şəmkir qalasından başlayıblar. Burada şagirdlərə məlumat verilib ki, qalada qazıntı işləri AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılır. 2007-ci ildən başlanan arxeoloji qazıntılar zamanı burada Azərbaycan tarixinə işıq salan bir çox maddi-mədəniyyət abidələri aşkarlanıb.


Məktəblilər qalanın qalıqları qarşısında xatirə şəkli çəkdirdikdən sonra tur-aksiya rayon mərkəzində davam etdirilib. Onlar Heydər Əliyev Mərkəzinə gələrək burada dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən sənədlərə və fotoşəkillərə baxıblar. Ən müasir elektron kitabxana, 3D formatlı kinoteatr, gənclərin intellektual oyunlar keçirməsi üçün xüsusi salonu şagirdlər tərəfindən maraqla qarşılanıb. Bayraq muzeyində, “Zəka” Gənclərin İntellektual və Yaradıcılıq Mərkəzində, abidələr parkında olan naxçıvanlı şagirdlər xoş təəssüratla Şəmkirdən sonra Göygölə gəliblər. Ulu Öndərin adını daşıyan parkda qarşılanan məktəblilər qarşısında çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova rayon haqqında, onun tarixi, maddi-mədəniyyət abidələri haqqında qısa məlumat verib. Rayonla ilk tanışlığa Heydər Əliyev Mərkəzindən başlanılıb. Burada dahi şəxsiyyətin həyat və fəaliyyətini, həmçinin rayona tarixi səfərlərini əks etdirən guşələrə baxan şagirdlər sonra Gənclər və Uşaq-Əyləncə Mərkəzlərində olublar. Vaxtilə alman ailələrinin yaşadıqları, keçən il əsaslı şəkildə təmir edilərək əvvəlki görkəminə salınmış evlərə baxıblar. Sonuncu alman Viktor Klaynın mənzil-muzeyində, həmçinin Lüteran kilsəsində olublar.


Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə keçirilən tur-aksiyadan razılığını ifadə edən qrup rəhbəri, Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Məlahət Seyidova

AZƏRTAC

-a müsahibəsində dedi ki, sürətlə inkişaf edən ölkəmizin qazandığı uğurlar biz təhsil işçilərini sevindirir. Gəncəyə gəlişimizin ilk günündən təəssüratımız zəngindir. Ekskursiyada olduğumuz bütün yerlər bizə bu bölgə haqqında geniş məlumat əldə etməyə imkan verdi. Şagirdlərin bu yerlər haqqında məlumatları genişləndikcə, doğma vətənlərinə olan sevgiləri də daha artdı. Bütün bunlara görə layihənin təşəbbüskarı olan ölkəmizin başçısı İlham Əliyevə minnətdarıq.