Tərtərlilər Novruzun gəlişini təntənə ilə qeyd ediblər
Tərtər, 19 mart,
AZƏRTACXalqımızın qədim və ən sevimli bayramlarından olan Novruz cəbhə bölgəsində yerləşən Tərtər rayonunda böyük təntənə ilə qeyd olunub.
AZƏRTAC
xəbər verir ki, şəhərin bayramsayağı bəzədilmiş mərkəzi meydanında gül-çiçək, bayram xonçaları və səmənilər düzülüb, məktəblilərin əl işləri, müxtəlif oyunlar, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarix diyarşünaslıq muzeyinin eksponatları nümayiş etdirilib. 7 mindən artıq tərtərlinin, həmçinin N saylı hərbi hissənin əsgərlərinin iştirak etdiyi bayram tədbirində tonqal yandırılıb, Dədə Qorqud və Bahar qızın, milli paltar geyinmiş atlıların meydana gəlişi, gənc idmançıların və kəndirbazın çıxışları maraqla qarşılanıb.
Bayram şənliyində çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev tərtərliləri baharın gəlişi münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıblar.
Rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən şəxslərə hədiyyələr və fəxri fərmanlar təqdim edilib.
Novruzun əsas personajları olan Kosa və Keçəlin məzhəkəli oyunları, rayonun bədii özfəaliyyət kollektivlərinin və respublikanın tanınmış incəsənət ustalarının təqdim etdikləri rəngarəng konsert proqramı tamaşaçılara xoş ovqat bəxş edib.