Ölkə

Salyanda Tikinti Məcəlləsinin səmərəli tətbiqinin təmin edilməsi ilə bağlı zona müşavirəsi keçirilib

Metbuat.az

Salyan, 12 mart, Mahir Babayev,

AZƏRTAC

Martın 12-də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yeni Şəhərsalma və Tikinti Məcəlləsinin səmərəli tətbiqinin təmin edilməsi ilə bağlı Salyanda regional seminar-müşavirə keçirib.


AZƏRTAC

xəbər verir ki, şəhərsalma və Tikinti Məcəlləsində yeni əlavə və dəyişikliklər, onların səmərəli tətbiqi üçün yerli icra hakimiyyəti orqanları ilə Fövqəladə Hallar Nazirliyi arasında əlaqələrin qurulması mövzusunda keçirilən seminar-müşavirədə Şirvan şəhəri, Salyan, Neftçala, Biləsuvar, Saatlı, İmişli, Sabirabad və Hacıqabul rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, baş memar və hüquqşünaslar iştirak ediblər.


Müşavirədə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Kərim Ağayev tikintiyə icazənin verilməsi üzrə icraat, tikintidə vahid pəncərə prinsipi, avtomobil yolları və digər layihələrin ekspertizası, tikinti işlərinin dayandırılması, obyektlərin sökülməsi, Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulan digər bölmələr barədə ətraflı məlumat verib.


Həmçinin nazirliyin mütəxəssisləri iştirakçılara yeni məcəllə ilə bağlı ortaya çıxan sənədləşmə prosedurları haqqında məlumatları çatdırıb. Qeyd olunub ki, bundan sonra tikintiyə icazənin verilməsi ilə bağlı yeni qaydalara riayət olunmadan inşa edilən obyektlər qanunsuz sayılacaq və onlarla bağlı müvafiq hüquqi addımlar atılacaq.


Tədbirdə yerli icra orqanları nümayəndələrinin yeni Şəhərsalma və Tikinti Məcəlləsindən irəli gələn məsələlərlə bağlı sualları cavablandırılıb.


Sonda iştirakçılara hüquqi-normativ sənədlər, məcəllənin tətbiqi ilə bağlı metodiki vəsaitlər paylanılıb.