Qərb bölgəsindən olan məktəblilər qədim Naxçıvandan xoş təəssüratla qayıdıblar
Gəncə, 25 mart,
AZƏRTAC“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün müddətində Naxçıvan marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən Gəncə, Samux, Göygöl, Ağstafa, Tovuz və Gədəbəy məktəbliləri martın 25-də böyük təəssüratla qayıdıblar.
AZƏRTAC
xəbər verir ki, tur-aksiya iştirakçılarını Gəncədəki Heydər Əliyev park-kompleksindəki Zəfər tağı qarşısında şəhərin rəhbər işçiləri, şagirdlərin təhsil aldıqları məktəblərin rəhbərləri və valideynlər qarşılayıblar. Məktəblilərin sevinci hədsiz idi.Onlar dövlət başçısının tapşırığına əsasən təşkil edilmiş bu tur-aksiyadan məmnun qaldıqlarını bildirir, Vətənimizin bir parçası olan qədim Naxcıvan torpağına səfərlərinə görə Prezident İlham Əliyevə minnətdarlıq edirdilər.
Qrupun rəhbəri, Gəncə təhsil idarəsinin metodiki mərkəzinin əməkdaşı Yasin Məmmədov məktəblilərin tur-aksiyadan aldıqları təəssüratları belə ifadə edib: “Dörd gün ərzində demək olar ki, bütün Naxçıvan torpağını gəzdik.Naxçıvan şəhəri ilə yanaşı Ordubad, Culfa, Şahbuz, Kəngərli, Şərur və digər rayonlarda keçirdiyimiz ekskursiyalar məktəblilərimizin yaddaşında silinməz izlər qoydu. Tur-aksiya zamanı Möminə Xatın və Qarabağlar türbələrini, Hüseyn Cavidin məqbərəsini ziyarət etdik, Şahbuz rayonundakı rəsədxanaya baxdıq. Naxçıvanın bir çox maddi-mədəni abidələri ilə yanaşı, müasir inkişafını öz gözlərimizlə gördük. Heydər Əliyev Mərkəzində və Gənclər mərkəzlərində, Tarix-Diyarşünaslıq muzeylərində olduq. Qrupumuzun üzvləri keçirilən intellektual oyunlarda fəallıqla iştirak edərək fəxri fərmanlar və xatirə hədiyyələri aldılar. Bir sözlə, dörd günlük tur-aksiya şagirdlərimizin yaddaşında silinməz izlər qoydu”.
Tur-aksiya iştirakçısı, Gəncədəki 15 nömrəli orta məktəbin XI sinif şagirdi Elvir Hüseynzadə sevincini ifadə edərək deyib: “Mənə belə gəlir ki, Azərbaycanın qədimliyini, füsunkar təbiətini və ən nəhayət müasir inkişafını Naxçıvanın timsalında daha aydın görmək olar. Onun maddi-mədəni abidələri ilə yaxından tanış olarkən qürur hissi keçirirdik. Biz məktəblilərə yaz tətili günlərində belə bir imkanı yaradan Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.