Ölkə

“Qafqaz və ermənilər” kitabının təqdimatı olub

Metbuat.az

Bakı, 3 mart,

AZƏRTAC

Martın 3-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Rauf Hüseynzadənin rus dilində nəşr olunan “Qafqaz və ermənilər” kitabının təqdimat mərasimi keçirilib.


Akademiyadan

AZƏRTAC

-a bildiriblər ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli kitabın tarixi əhəmiyyətindən söz açıb. Bildirilib ki, təqdim olunan yeni nəşr XIX – XXI əsrlərin başlanğıcında Qafqazda baş verən çoxvektorlu proseslər, yerli siyasi strukturlarla böyük regional dövlətlərin münasibətlərinin xarakteri ilə bağlı, həmçinin Qafqaz meqaregionu üçün dövri əhəmiyyətə malik olan geosiyasi hadisələrlə zəngin mərhələləri əks etdirir.


Akademik İsa Həbibbəyli qeyd edib ki, XIX əsrin başlanğıcında ermənilərin Qafqaza köç etməsi və bu hadisələrin yerli əhaliyə, ilk növbədə müsəlmanlara mənfi təsirini buna misal göstərmək olar.


AMEA–nın “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının fəaliyyəti barədə məlumat verən akademik ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı həqiqətlərinin ictimaiyyətə çatdırılması istiqamətində komissiya tərəfindən görülən işlərdən danışıb. Qeyd edilib ki, komissiyanın gördüyü işlər nəticəsində soyqırımı həqiqətlərini əks etdirən bir neçə kitabın təqdimatı keçirilib.


AMEA-nın vitse-prezidenti yeni nəşrin gələcəkdə aparılacaq tədqiqatlar üçün önəmli tarixi mənbəyə çevriləcəyini vurğulayıb. Bildirilib ki, kitabın əsas ideyası ermənilərin Qafqaz əsilli olmadıqlarını sübut etməkdir. Onlar, alloxtonlar - gəlmələr olaraq yalnız XIX əsrdə kütləvi halda Qafqaza köç ediblər. Erməni etnosu üçün dövri olan bu hadisə Rusiya imperiyasının məqsədyönlü köçürülmə siyasətinin sayəsində baş verib.


Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova mütəxəssis-tarixçilər və Qafqaz meqaregionu problemləri ilə maraqlananlar üçün nəzərdə tutulan, aktuallıq kəsb edən yeni nəşrin elmi əhəmiyyətini yüksək qiymətləndirib, bu istiqamətdə araşdırmaların Azərbaycan tarixinin öyrənilməsində önəmli olduğunu söyləyib.


Tədbirdə Əliağa Məmmədlinin “R.Hüseynzadənin “Qafqaz və ermənilər” əsərinin “Böyük Ermənistan” mifinin ifşasında rolu”, İradə Bağırovanın “Qafqaz və ermənilər” əsərində erməni siyasi partiyalarının terrorçu fəaliyyətinin işıqlandırılması”, Fəzail Vəliyevin “Ermənilərin Qafqaza köçürülməsi və onun Azərbaycana mənfi nəticələri R.Hüseynzadənin tədqiqatında” mövzusunda məruzələri dinlənilib.


Kitabın dünyanın müxtəlif dillərinə tərcümə olunaraq dünya ictimaiyyətinə yayılmasının vacibliyi vurğulanıb.