Dünya

Murmansk vilayətinin Severomorsk şəhərində “Ailə ənənələri” milli mədəniyyət festivalı başlanır

Metbuat.az

Murmansk, 16 mart,

AZƏRTAC

Martın 25-dən aprelin 18-dək Rusiya Federsiyasının Murmansk vilayətinin Severomorsk şəhərində “Ailə ənənələri” milli mədəniyyət festivalı keçiriləcək.


Bu barədə

AZƏRTAC

-a Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ictimai təşkilatının Murmansk regional şöbəsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov məlumat verib.


Festivalın keçirilməsindən məqsəd ailəni birləşdirən yaxşı, xeyirxah ənənələr kolleksiyası toplamaqdan ibarətdir. Festival bir neçə nominasiya üzrə keçirilir. “Milli mətbəx yeməkləri” nominasiyasında iştirakçılar hazırlanmış milli yeməyi təqdim edəcək, bu yeməklə bağlı milli ənənələrdən, həmin ailədə onun necə hazırlanmasından bəhs edəcəklər.


“Ailə albomu” nominasiyasında iştirakçılar öz ailələrindən söhbət açacaqlar. Bu söhbət fotoşəkillərin, videoyazıların, məktubların, ailə üzvlərinin yaradıcılıq işlərinin, evdə saxlanılan qədim məişət əşyalarının, nəsildən-nəsilə ötürülən ailə ənənələrinin, milli geyimin və ya onun ayrı-ayrı hissələrinin nümayişi ilə müşayiət olunacaq.


“Milli ənənələr və mərasimlər” nominasiyasında milli mərasimlər, rəqslər nümayiş etdiriləcək, milli dildə folklor əsərləri ifa olunacaqdır. “Genealoji ağac” nominasiyasında festival iştirakçılarına öz nəsil şəcərəsini qrafika, rəngkarlıq, komiks, kollaj, tikmə, mozaika və s. janrlarda təqdim etmək təklif olunur.