Min eşitməkdənsə, bir görmək yaxşıdır
Lerik, 24 mart, Bağır Əliyev,
AZƏRTAC“Cənub bölgəsinə səyəhətlə bağlı təəssüratımız olduqza zəngindir. Naxçıvan Muxtar Respublikasının Babək, Şərur, Ordubad, Culfa, Şahbuz, Kəngərli rayonlarının və Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üç gün ərzində qədim Lənkəranın, Astara və Lerik rayonlarının tarixi, mədəniyyət və incəsənət abidələri, Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları, sosial-iqtisadi inkişafı və mənzərəli yerləri ilə yaxından tanış oldular”.
Bu sözləri
AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Azərbaycanın cənub bölgəsinə təşkil edilmiş tur-aksiyanın iştirakçısı, Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Əbrəqnus kənd tam orta məktəbinin XI sinif şagirdi Rza Cəbiyev deyib.
Naxçıvanlı məktəbli daha sonra deyib: “Cənub bölgəsinin tarixi, mədəniyyət abidələri, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında çox oxumuşdum. Tur-aksiya zamanı isə oxuduqlarımı bir daha əyani şəkildə gördüm. Necə deyərlər, min eşitməkdənsə, bir görmək yaxşıdır. Məktəblilər üçün belə bir imkan yaratdığına görə tur-aksiyada iştirak edən şagirdlər adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm.”