Latviya Xarici İşlər Nazirliyində “Şərq Tərəfdaşlığı” biznes forumu ilə bağlı müzakirələr aparılıb
Riqa, 9 mart,
AZƏRTACLatviyanın xarici işlər naziri Edqar Rinkeviç “BusinessEurope” Avropa Biznes Konfederasiyasının baş direktoru Markus Beyrer ilə görüşüb.
Latviya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, görüşdə “Şərq Tərəfdaşlığı” ölkələrinin biznes forumunun keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Bu ilin mayında keçiriləcək biznes forum Latviyanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövrünün ən iri tədbiri olacaq.
Xarici işlər naziri bildirib ki, “Şərq Tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsi Latviyanın sədrliyinin başlıca prioritetlərindən biridir. “Şərq Tərəfdaşlığı”nın böyük əhəmiyyətini təsdiq etmək üçün Riqada bu proqramla bağlı silsilə tədbirlər, o cümlədən işgüzar forum təşkil olunacaq. Forumda “Şərq Tərəfdaşlığı”, Avropa İttifaqı ölkələrinin və əməkdaşlıqda maraqlı olan digər ölkələrin işgüzar dairələrinin geniş iştirakı nəzərdə tutulub.
Mayın 21-də keçirilməsi nəzərdə tutulan biznes forumda Aİ, “Şərq Tərəfdaşlığı” ölkələrindən və əməkdaşlıqda maraqlı olan digər ölkələrdən təqribən 500 nümayəndə iştirak edəcək. Biznes forumun əsas təşkilatçıları “BusinessEurope” Avropa Biznes Konfederasiyası, Latviya Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq şəraitində Latviya İşəgötürənlər Konfederasiyasıdır (LDDK). İqtisadi və Sosial İşlər üzrə Avropa Komitəsinin İşçi qrupu, Avropa İnvestisiya Bankının, habelə “Eurochambres” Avropa Ticarət-Sənaye Palataları Assosiasiyası biznes forumda strateji tərəfdaşlar qismində iştirak edəcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa