İsrail: növbədənkənar seçkilər siyasi sürprizlər vəd edir
Bakı, 16 mart,
AZƏRTACİsrail martın 17-nə təyin edilmiş növbədənkənar seçkilərə hazırlığı tamamlayır. Sonuncu seçkiqabağı kampaniya Binyamin Netanyahunun başçılıq etdiyi hakim “Likud” partiyasının dəstəyi ilə keçirilib. Bu seçkilər siyasi sürprizlər və İsrailin siyasi səhnəsində güclərin mümkün yerdəyişməsini vəd edir. Belə ki, “Likud” artıq favorit sayılmır.
AZƏRTAC
Euronews telekanalına istinadla xəbər verir ki, son məlumatlara əsasən, “Likud” partiyası yeni knessetdə 120 yerdən 21-ni əldə edə bilər. Onun əsas rəqibi - sol mərkəzçi “Sionist düşərgəsi” bloku 26 yerə ümid edir. Bu blokda İshaq Hersoqun sol “Avoda” və Tsipi Livninin mərkəzçi “Xa-Tnua” partiyaları birləşir. Hersoq və Livni İsrailin Netanyahu dövründə həm siyasi, həm də sosial-iqtisadi sahədə tənəzzül yaşayan istiqamətini dəyişməyi vəd edirlər.
İki siyasi oyunçunun “daban-dabana” mübarizəsi fonunda populyarlıq qazanaraq hakim koalisiyanın yaradılmasında həlledici söz deyə biləcək kiçik partiyaların rolu artır. Bu seçkilərdə belə güclərdən biri əvvəllər “Likud”da yer alan Moşe Kaxlonun başçılıq etdiyi “Kulyanu” partiyasıdır. Netanyahu ona dəstək verəcəyi təqdirdə Kaxlona maliyyə naziri kürsüsünü vəd edib.
Ümumilikdə isə müşahidəçilər bu seçkiləri son illərin ən qəribə və qəliz seçkilər adlandırırlar. Belə ki, yaranmış siyasi qarşıdurmada milli sionizm ideyalarına qarşı sülh naminə siyasi və ərazi güzəştlərinə hazır olan liberalizm mübarizə aparır. İsrail KİV-lərinin yazdıqlarına görə, kampaniyanın özü aqressivliyi və kompromat savaşı ilə seçilir. Bu savaşın qurbanlarından biri son sorğunun nəticələrinə görə mövqeləri ciddi surətdə zəifləyən Aviqdor Libermanın “Bizim ev” partiyasıdır.