Dünya

Əfqanıstan prezidenti: ABŞ qoşunlarının sayına dair qərarı Barak Obama verəcək

Metbuat.az

[ 24 Mart 2015 02:35 ]


Bakı-APA. Əfqanıstanda qalacaq ABŞ qoşunlarının sayına dair qərarı Barak Obama verəcək.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-da səfərdə olan Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzay bildirib.

“Konkret sayın müəyyənləşdirilməsi ABŞ-ın səlahiyyətindədir. Qoşunların sayına dair qərar prezident Barak Obama tərəfindən veriləcək. Ümumiyyətlə, rəqəmlər önəmli deyil, əsas məqsəd ABŞ və Əfqanıstanın təhlükəsizliyidir”, deyə Əhmədzay vurğulayıb.

Öz növbəsində, ABŞ-ın Dövlət katibi Con Kerri bildirib ki, adıçəkilən məsələ ABŞ və Əfqanıstan prezidentlərinin Ağ Evdə keçirəcəkləri görüşdə müzakirə ediləcək.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın müdafiə naziri Eşton Karter 2016-ci ildən Əfqanıstanda ABŞ hərbi kontingentinin sayının azaldılacağını qeyd edib. “2017-ci ildən etibarən Əfqanıstanda sabitliyin təmin edilməsində aparıcı rol yerli təhlükəsizlik qüvvələrinə məxsus olacaq”, deyə E.Karter bildirib.