İdman

Cəmşid Xeyrabadi: Güləşçilər arasında mütləq rəqabət olmalıdır

Metbuat.az

Bakı, 17 mart,

AZƏRTAC

Bir müddət əvvəl Tehranda keçirilən dünya kuboku yarışlarında çempion olan və Azərbaycan idmanı tarixində yeni bir səhifə yazan yunan-Roma güləşçilərimiz təlim-məşq toplanışlarını davam etdirirlər.


AZƏRTAC

xəbər verir ki, yığma komandamızın baş məşqçisi Cəmşid Xeyrabadi qarşıdan gələn ilk Avropa Oyunlarına hazırlıqla bağlı fikirlərini bölüşüb.


Avropa Oyunlarına hazırlıq necə gedir, hansı mərhələdədir?

- Davamlı olaraq məşqlərimiz gedir, güləşçilərimizin qidasına, nizam-intizamına diqqət yetiririk. Biz Avropa Oyunlarına sistemli şəkildə, xüsusi proqramla hazırlaşırıq. Elə gün olur ki, üç dəfə məşq olur, elə gün olur iki dəfə.


Gündə 3 dəfə məşq ağır deyilmi?

- Məşqlərimiz ağır keçir. Çünki məsuliyyətli vəzifəmiz var. Qarşıda bizi tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları kimi mötəbər yarış gözləyir. Əsas odur ki, güləşçilərimiz verilən tapşırıqların öhdəsindən gələ bilir. Etdiyimiz məşqlər də məhz onlara görədir. Mən Bakıya gələndə birinci növbədə məşqi artırdım, ikinci isə keyfiyyətə diqqət etdim. Məhz buna görə də bu gün istədiyimiz nəticəni ala bilirik.


Bugünkü məşq prosesində fərqlənən idmançılardan hansıların adını çəkə bilərsiniz?

- Bu gün demək olar ki, komanda üzvlərinin əksəriyyəti yaxşı məşq elədi. Onlardan Həsən Əliyevin adını çəkmək istərdim. Onun enerjisi o qədər yüksəkdir ki, yorulmaq bilmir. Sadəcə bir az fikri qarışıq olur, o da yavaş-yavaş düzəlir. Elvin Mürsəliyev də güclü güləşçilərimizdən biridir.


Avropa Oyunlarına 90 gündən az vaxt qalıb. Kimləri hazır hesab edirsiniz?

- Əlbəttə, peşəkar məşqçi bunu bilməlidir. Avropa Oyunlarına sayılı günlər qalsa da, mən onlara demirəm kim hazırdır. Çünki bu onlara rahatlıq verə bilər. Güləşçilər arasında mütləq rəqabət olmalıdır. Artıq kimlərin oyunlarda ölkəmizi təmsil edəcəyini müəyyənləşdirmişik.


Bir müddət əvvəl İranda dünya kubokunun qazanılması güləşçilərimiz üçün əlavə bir stimul oldu. Bu ənənəni davam etdirmək üçün nələr etmək lazımdır?

- Əlbəttə, biz dünya kubokuna da məsuliyyətli hazırlaşmışdıq. Şükürlər olsun ki, qalib olduq. Bu qələbə Azərbaycanda bir ilk oldu. Belə qələbələr yenidən təkrarlanmalıdır. Mən Azərbaycan xalqını sevirəm və belə idmançılarımızla fəxr edirəm.