Dünya

Binyamin Netanyahunun qələbəsi və İsrail - Fələstin sülh prosesinin perspektivləri

Metbuat.az

Bakı, 19 mart,

AZƏRTAC

Binyamin Netanyahu israillilərə çiçəklənmə və təhlükəsizlik vəd edir. Bununla yanaşı, İsrail - Fələstin sülh prosesinin perspektivləri hazırda inandırıcı görünmür. Seçkilər ərəfəsində Netanyahu hökumət başçısı postuna yenidən seçiləcəyi təqdirdə Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəyini bəyan etmişdi.


AZƏRTAC

Euronews telekanalına istinadla xəbər verir ki, fələstinlilər üçün bu, sürpriz olmayıb. Hazırda mövqelərinin aydın olduğunu deyən Fələstin parlamentinin deputatı Camal Huvailin sözlərinə görə, bundan sonra Fələstin rəhbərliyi işğala qarşı xalq müqavimətini aktivləşdirmək məqsədi ilə bütün beynəlxalq institutlara, əsasən də Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməlidir.


Türkiyənin İsraildəki keçmiş səfiri Oğuz Çelikkol Netanyahunun Fələstin dövlətinin yaranması məsələsində tutduğu mövqeyin beynəlxalq arenada yəhudi dövlətinin vəziyyətini çətinləşdirəcəyini düşünür. “Beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ ümumilikdə “iki millət üçün iki dövlət” ideyasını dəstəkləyir. İsrailin bu konsepsiyadan yayınması dünyada yəhudi dövlətinin mövqeyinə neqativ təsir göstərəcək, həmçinin Türkiyə və İsrail arasında münasibətlərin bərpasını qəlizləşdirəcək”, – deyə diplomat əlavə edib.


Binyamin Netanyahunun ətrafı isə hesab edir ki, Fələstinlə münasibətin və beynəlxalq ictimaiyyətin reallaşdırılmasında israr etdiyi “iki millət üçün iki dövlət” konsepsiyanın aqibəti məhz onun formalaşdıracağı yeni kabinetdən asılı olacaq.