Almanların yarısı müdafiə xərclərinin artırılmasına tərəfdardır
Berlin, 16 mart,
AZƏRTAC“Alman dalğası” xəbər verir ki, Ukrayna böhranları və digər münaqişələr fonunda almanların orta hesabla hər iki nəfərindən biri müdafiə xərclərinin artırılmasına tərəfdardır. dpa informasiya agentliyinin sifarişi ilə YouGo institutu tərəfindən aparılmış ictimai rəy sorğusunun martın 16-da elan edilmiş yekunlarına əsasən məlum olub ki, rəy sorğusunda iştirak edənlərin 49 faizi hökumətin müvafiq planlarını dəstəkləyir, respondentlərin 36 faizi isə bu planların əleyhinədir.
Almaniya hökuməti 2016-cı ildən etibarən hərbi büdcəni əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. AFR müdafiə naziri Ursula fon der Lyayen bildirib ki, əlavə vəsait Bundesverin modernləşdirilməsinə sərf ediləcək, onun şəxsi heyətinin sayı isə dəyişməyəcək.
2013-cü ildə Almaniyada müdafiə xərcləri ümumi daxili məhsulun 1,3 faizinə bərabər olub. NATO normativlərinə görə həmin göstərici ÜDM-in 2 faizinə bərabər olmalıdır.
Bundesverin Hərbi Qulluqçular İttifaqının rəhbəri Andre Vüstner isə Bundesverə əlavə olaraq 5000 peşəkar əsgər cəlb edilməsi təklifi ilə çıxış edib. Andre Vüstner həmçinin 2020-ci ilə qədər ölkənin müdafiə büdcəsinin artırılaraq indiki 33 milyard avrodan 35 milyarda çatdırılmasını təklif edib. dpa agentliyinin verdiyi məlumata görə, Bundesverdə 2010-cu ildə başlanmış islahatlar çərçivəsində ümumi hərbi mükəlləfiyyət ləğv edilib, şəxsi heyətin sayı azaldılaraq 250 min nəfərdən 170 min nəfərə endirilib. AFR silahlı qüvvələri peşəkar əsgərlərdən, kontrakt üzrə və könüllü xidmət edənlərdən ibarətdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin