2020-ci ilə qədər olan dövrdə Birliyin İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planının layihəsinə dair təkliflər MDB İcraiyyə Komitəsində razılaşdırılıb
Minsk, 11 mart,
AZƏRTACMartın 10-11-də Minskdə, MDB İcraiyyə Komitəsində 2020-ci ilə qədər olan dövrdə Birliyin İqtisadi İnkişaf Strategiyasının üçüncü mərhələsinin (2016-2020-ci illər) həyata keçirilməsi üzrə Tədbirlər Planının layihəsinə dair razılaşdırılmış təkliflər hazırlanması üzrə İşçi Qrupun iclası keçirilib.
AZƏRTAC
bu barədə Birliyin qərargahının mətbuat xidmətinə istinadla xəbər verir.
İclasda Tədbirlər Planının layihəsinə dair Azərbaycandan, Belarusdan, Qırğızıstandan, Rusiya Federasiyasından və Tacikistandan daxil olmuş təkliflər müzakirə edilib.
İclas iştirakçıları MDB üzvü olan dövlətlərdə Əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının 2020-ci ilə qədər olan dövrdə Birliyin İqtisadi İnkişaf Strategiyasının üçüncü mərhələsinin (2016-2020-ci illər) həyata keçirilməsi üzrə Tədbirlər Planının layihəsinə dair razılaşdırılmış təkliflərini hazırlayıblar.
Plan layihəsinin əmək sahəsinə aid bölməsinə ümumi əmək bazarının mərhələlər üzrə formalaşmasına və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsinə, əhalinin məşğulluğu və əmək miqrasiyası sahəsində qanunvericiliklərin yaxınlaşdırılmasına, əməkçi miqrantın elektron kartının tətbiq edilməsinə, istehasalatda bədbəxt hadisələrin və işçilərin sağlamlığına dəymiş başqa zərərin təhqiqatı barədə tədbirlər daxil edilməsi təklif olunur.
Sosial sferada MDB ölkələrinin vətəndaşlarının pensiya təminatı sahəsində dövlətlərarası normativ-hüquqi bazanın təkmilləşdirilməsinə, imkanları məhdud olan uşaqların, tənha ahıl insanların və əlilliyi olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılmasına, müharibə veteranlarına tibbi-sosial köməyin inkişaf etdirilməsinə və onların həyatının keyfiyyətinin artırılmasına, Böyük Vətən müharibəsi əlilləri və iştirakçıları üçün sosial zəmanətlərin təmin edilməsinə dair tədbirlər nəzərdə tutulub.
İşçi qrupun iclasının yekun materiallarını MDB iştirakçısı olan dövlətlərdə Əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının üzvlərinə və Şuradakı müşahidəçilərə göndərmək qərara alınıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk