"Apple"ın gələn ay iPhone 18 Pro, iPhone 18 Pro Max və iPhone Ultra modellərini təqdim edəcəyi gözlənilir. Yeni seriyanın təqdimatına az müddət qalmış iPhone 18 Pro Max-in batareyası ilə bağlı yeni sızma ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, Çindən yayılan görüntülərdə iPhone 18 Pro Max üçün 5 391 mAh tutumlu batareya əks olunub. Bu göstərici daha əvvəl fiziki SIM kart dəstəyi olan model üçün yayılan məlumatla üst-üstə düşür. İddialara görə, yalnız eSIM dəstəyi ilə satışa çıxarılacaq versiyada isə 5 567 mAh batareya olacaq.

Məlumata görə, iPhone 18 Pro modelinin batareyası fiziki SIM kartlı versiyada 4 056 mAh, eSIM versiyasında isə 4 288 mAh təşkil edə bilər. Beləliklə, əsas batareya artımının iPhone 18 Pro Max modelində olacağı gözlənilir. Onun sələfi iPhone 17 Pro Max ilə müqayisədə batareya tutumunun 9-12 faiz artacağı iddia edilib.

Qeyd edək ki, bu məlumatlar "Apple" tərəfindən hələ təsdiqlənməyib.