UEFA VAR-dan istifadə ilə bağlı yeni qaydalar tətbiq etməyə hazırlaşır.
Metbuat.az xəbər verir ki, UEFA oyunçulara və hakimlərə qaydaların daha vahid şəkildə şərh edilməsinə, həmçinin VAR müdaxilələrinin hansı hallarda zəruri olduğunu daha aydın müəyyənləşdirməyə kömək edəcək “Clear Line” platformasını istifadəyə verib.
“L’Equipe” nəşrinin məlumatına görə, platformada 150-dən çox mübahisəli epizod toplanıb. UEFA-nın hakimlər departamentinin rəhbəri Roberto Rosettinin sözlərinə görə, əsas məqsəd ən mürəkkəb qərarların şərhində aydınlıq yaratmaq və hazırlanmış qaydaları mütəmadi olaraq yeniləməkdir. UEFA bu təşəbbüslə VAR-ın istifadəsində daha məhdudlaşdırıcı yanaşmanı tətbiq etmək niyyətindədir. Qurum VAR-ın yalnız aydın və aşkar səhvlər zamanı müdaxilə etməsinin tərəfdarıdır.
Rosetti bildirib ki, VAR matçın idarə olunmasını öz üzərinə götürməməlidir. Onun sözlərinə görə, VAR yalnız açıq-aşkar səhvlərin düzəldilməsi üçün istifadə olunmalı, meydandakı baş hakimin nüfuzu və qərarvermə səlahiyyəti qorunmalıdır.