Bu gün futbol ictimaiyyətinin diqqəti UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək "Dinamo Kiyev" - "Qarabağ" qarşılaşmasına yönəlib. Avrokubok təcrübəsi, taktiki hazırlığı və heyət keyfiyyəti ilə seçilən regionun iki iddialı klubunun üz-üzə gəlməsi bu cütü mərhələnin ən maraqlı qarşılaşmalarından birinə çevirib.

Metbuat.az xəbər verir ki, saat 21:00-da Polşanın Lublin şəhərində yerləşən "Lublin Arena"da keçiriləcək ilk oyun hər iki komanda üçün təkcə növbəti mərhələyə vəsiqə uğrunda mübarizə deyil, həm də mövsümün avrokubok taleyini müəyyənləşdirəcək mühüm sınaq hesab olunur.

Matç öncəsi həm yerli, həm də xarici futbol mütəxəssislərinin açıqlamaları oyuna marağı daha da artırıb. "Dinamo Kiyev"in baş məşqçisi İqor Kostyuk mətbuat konfransında "Qarabağ"ın güclü rəqib olduğunu etiraf edib. O, Azərbaycan çempionunun avrokuboklardakı zəngin təcrübəsinə və oturuşmuş oyun sisteminə diqqət çəkərək bildirib:

"Qarabağ" heç də asan rəqib deyil. Onlar son mövsümlərdə Avropanın yüksək səviyyəli turnirlərində uğurla çıxış ediblər və kifayət qədər təşkilatlanmış komandadırlar”.

Kostyuk komandasında Denis Popov və Konstantin Vivçarenko kimi futbolçuların zədə səbəbindən iştirak edə bilməyəcəyini xatırlatsa da, rəqibi ətraflı təhlil etdiklərini və meydana qələbə üçün çıxacaqlarını vurğulayıb.

Ukrayna millisinin və "Dinamo Kiyev"in sabiq hücumçusu Artem Milevski isə fərqli mövqe sərgiləyib. O, "Qarabağ"ın güclü komanda olduğunu qəbul etsə də, Ağdam klubunun imkanlarının həddindən artıq şişirdildiyini düşünür. Milevskinin fikrincə, Kiyev təmsilçisi hücum potensialından maksimum istifadə etsə və müdafiədə intizamı qoruya bilsə, rəqibini mübarizədən kənarlaşdırmaq gücündədir.

Yerli futbol mütəxəssisləri isə "Qarabağ"ın əsas üstünlüyünün sabit oyun sistemi və Qurban Qurbanov amili olduğunu bildirirlər. Onların fikrincə, Ağdam təmsilçisi uzun illərdir topa nəzarətə əsaslanan oyun üslubunu qoruyur və yüksək presinq hesabına rəqiblərinə çətin anlar yaşadır. Mərkəz xəttində üstünlüyün əldə olunması "Dinamo" kimi sürətli komandaya qarşı həlledici amillərdən biri ola bilər.

Ekspertlər həmçinin qeyd edirlər ki, son oyunlarda heyətdə aparılan rotasiyalar və taktiki dəyişikliklər Qurban Qurbanovun rəqibin sürətli hücum xəttinə qarşı xüsusi plan hazırladığını göstərir.

Mütəxəssislərin ümumi qənaətinə görə, cütün favoriti barədə qəti fikir söyləmək çətindir və şanslar demək olar ki, bərabər qiymətləndirilir. "Dinamo Kiyev"in əsas üstünlükləri hücumçuların fərdi ustalığı, sürətli keçid futbolu və yüksək fiziki hazırlıqdır. "Qarabağ" isə taktiki intizamı, avrokubok təcrübəsi, kritik anlarda soyuqqanlı davranışı və cavab görüşünü Bakıda keçirəcək olması ilə seçilir.

İki oyundan ibarət dueldə ilk qarşılaşmanın nəticəsi böyük əhəmiyyət daşıyır. Polşadakı 90 dəqiqə Bakıdakı cavab oyunu öncəsi tərəflərin şanslarını daha aydın şəkildə ortaya qoyacaq və cütün real favoriti barədə ilkin təsəvvür formalaşdıracaq.