Yeni mövsüm öncəsi heyətini gücləndirmək istəyən İstanbulun “Qalatasaray” klubu transfer bazarında fəallığını davam etdirir.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi eyni anda həm Almaniyanın “Ayntraxt Frankfurt” klubunda çıxış edən Can Uzunu, həm də İtaliyanın “Milan” komandasının ulduz hücumçusu Rafael Leaonu heyətinə qatmağa çalışır.

Türkiyə mətbuatının məlumatına görə, “Qalatasaray” Can Uzunun transferi ilə bağlı “Ayntraxt Frankfurt”la danışıqlarda son mərhələyə çatıb. Sarı-qırmızılılar bu keçidi təxminən 30 milyon avroya rəsmiləşdirməyi planlaşdırır.

İstanbul klubu eyni zamanda “Milan”la müqaviləsi 2028-ci ilin yayına qədər davam edən Rafael Leao üçün də danışıqlar aparır. Bildirilir ki, İtaliya təmsilçisi portuqaliyalı futbolçunun transferi üçün 50 milyon avro tələb edir. Bu səbəbdən “Qalatasaray” maliyyə yükünü azaltmaq məqsədilə Leaonu satınalma hüququ ilə icarəyə götürmək variantını nəzərdən keçirir.

Tərəflər yekun razılığa gələ bilsələr, hər iki transferin yaxın günlərdə rəsmiləşdirilməsi gözlənilir.